» » Texniki universitetdə kürsü davası... - İDDİA

Texniki universitetdə kürsü davası... - İDDİA

Texniki universitetdə kürsü davası... - İDDİA














Son vaxtlar Azərbaycan Texniki Universitetində (AzTU) gedən bəzi proseslər ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb etməyə başlayıb. O cümlədən, bir müddət bundan əvvəl redaksiyamıza daxil olan məlumatlarda da bu ali təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallara dair açıqlamalar təqdim edilmişdi. İlk növbədə həmin açıqlamalarda vurğulanır ki, son bir neçə ildə bu ali təhsil müəssisəsində təhsilin keyfiyyəti nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Həm də mənbələrin rəyinə görə, bu halın baş verməsinə səbəb olan amillər, birbaşa universitet rəhbərliyinin qeyri-qənaətbəxş fəaliyyəti ilə bağlıdır. Həmçinin bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda, bu gün Texniki Universitetdə müşahidə olunan neqativ halların yer almasına görə məsuliyyət daşımalı olan əsas şəxslərdən birinin də “Radiotexnika və Rabitə” fakültəsinin dekanı, professor Bayram İbrahimovun olduğu vurğulanır. Məsələn, aldığımız məlumatlardan birində iddia olunur ki, “Radiotexnika və Rabitə” fakültəsində tələbələrin bir hissəsi dekanat rəhbərliyində təmsil olunan bəzi şəxslərlə əldə etdikləri anlaşma əsasında semestr boyu dərslərə gəlmirlər. Müəllimlər isə, dekandan aldıqları göstəriş əsasında həmin tələbələrə jurnalda qaib yazmırlar. Bununla da dekanlıq rəhbərliyinin yol verdiyi qeyri-qanuni əməli ört-basdır etməyə müvəffəq olurlar. Bildirilir ki, dərslərdən yayınma prosesinin kütləvi hal alması fakültədə tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Aldığımız başqa bir məlumatda isə, tələbələrin sessiya imtahanları dövründə üzləşdikləri problemlərdən bəhs olunur: “Bizim “Radiotexnika və Rabitə” fakültəsində sessiya imtahanlarında hər tələbədən bir fənn imtahanına görə 300 manat pul tələb olunur. Müntəzəm olaraq dərslərə hazırlaşan və öz biliklərinə güvənərək rüşvət verməkdən imtina edən tələbələri isə, müxtəlif bəhanələrlə cəzalandırırlar. Bununla yanaşı da, son vaxtlar tələbələrin istehsalat təcrübəsindən azad edilməsi də ayrıca qazanc mənbəyi kimi istifadə edilir. Bunun üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur. Məhz bu yığımların sayəsində fakültənin dekanı Bayram İbrahimov zəngin bir insana çevrilmişdir...”

Müxtəlif mənbələrdən aldığımız açıqlamalarda birmənalı olaraq bildirilir ki, hazırda Bayram İbrahimovun yarıtmaz idarəçiliyi sayəsində Azərbaycan Texniki Universitetinin “Radiotexnika və Rabitə” fakültəsində çeşidli korrupsiya hallarının çiçəklənməsi üçün son dərəcə əlverişli şərait yaratmışdır. İddia olunur ki, hər növbəti semestrin sonunda müəllimlərdən də külli-miqdarda rüşvət yığılır. Təhsil prosesində istənilən maxinasiya xarakterli qeyri-qanuni əməllərin konkret qiymətlərini göstərən mənbə vurğulayır ki, bu məbləğləri ödəməklə dərs buraxmalarının silinməsinə və sairəyə nail olmaq olar.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə AzTU-nun rektor əvəzi vəzifəsinə universitetin tədris işləri üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Xalıq Məcid oğlu Yahudov təyin edilmişdir. Bu təyinatdan bir qədər əvvəl isə, müxtəlif instansiyalara çoxsaylı şikayətlərlə müraciət edən tələbələr bildirirdilər ki, bu ali təhsil müəssisəsində rüşvət yığımları son dərəcə yüksək həddə çatıb. Məlumatlarda vurğulanırdı ki, bu yığımları daha da artırmaq məqsədilə universitetdə ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Həmçinin açıqlamalarda xüsusilə diqqəti cəlb edən bir məqam da var ki, bu da Texniki Universitetdə baş verənlərin arxasında daha mürəkkəb intriqaların durduğuna dair səsləndirlən iddialarla bağlı idi. Qeyd edək ki, universitetdə cərəyan edən hadisələri diqqətlə müşahidə etməklə, bu iddiaların heç də əsassız olmadığı qənaətinə gəlmək olardı. Nəhayət bu intriqaların növbəti mərhələsinin nəticəsi olaraq, AzTU-nun keçmiş rektoru Havar Məmmədov öz vəzifəsindən alındı. Universitet daxilində olan bəzi mənbələr iddia edirlər ki, Xalıq Yahudova bu intriqaları təşkil etməkdə və öz məqsədinə nail olmaqda Bayram İbrahimovun xüsusi dəstəyi olub. Məhz bu səbəbdən də, “Radiotexnika və Rabitə” fakültəsinin dekanı Xalıq Yahudovun rektor vəzifəsinə təsdiq olunacağına və bundan sonra özünün də prorektor kabinetinə daşınacağına böyük ümidlər bəsləyir...

Qarşı tərəfin də münasibətini öyrənmək istərdik.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət