» » “Aqrolizinq” aqrar istehsalçıların başına bəla olub - Qurumda qaranlıq işlər yenidən vüsət alıb

“Aqrolizinq” aqrar istehsalçıların başına bəla olub - Qurumda qaranlıq işlər yenidən vüsət alıb

“Aqrolizinq” aqrar istehsalçıların başına bəla olub - Qurumda qaranlıq işlər yenidən vüsət alıb















Kənd təsərrüfatının inkişafı ölkənin qeyri-neft sektorunun dirçəldilməsi baxımından əsas prioritetlərdən biridir. Bu sahəyə dövlət dəstəyi getdikcə artırılır. Lakin təəssüflər olsun ki, ayrılan vəsaitlər hesabına dövlətin nəzərdə tutduğu dəstək heç də tam olaraq aqrar istehsalçılara çatdırılmır. Uzun illərdir həm əkinlərə, motor yağları və gübrəyə görə ödənilən vəsaitlər, həm də güzəştlə veriləsi texnika ilə bağlı çox ciddi korrupsiya faktları aşkarlanıb.
Fermerlərə “yoxdur” deyilən gübrə əlaltından satılır

Bu faktlar üzündən Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi işindən alınıb, onadək rayon şöbəsində ciddi pozuntularla bağlı cinayət işləri qaldırılıb. Lakin son vaxtlar rayonlardan gələn şikayətlər göstərir ki, bu qurumda vəziyyət ciddi şəkildə dəyişməyib. Məsələn, Tərtər-Ağcabədi bölgəsindən olan fermerlərin verdiyi məlumata görə, martın 15-20-si aralığında taxıl əkinlərinə verilməli olan azot gübrəsini “Aqrolizinq”dən ala bilməyiblər. Qurumun yerli şöbəsinə edilən müraciətlərə hələ gübrə gətirilmədiyi deyilsə də, bir çox yerlərlə həmin gübrənin 10-12 manata satıldığı məlum olub. Redaksiyamıza müraciət edən fermerlər bu qiymətə lazım olan qədər gübrəni almağa imkanlarının olmadığını deyiblər: “Martın 15-20 arasında azot gübrəsi verilməsə taxılda məhsuldarlıq minimuma düşəcək. Bilmirik neynəyək...”

Onu da qeyd edək ki, bir neçə həftə əvvəl nazirlikdə keçirdiyi geniş iclasda kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda 100 manat dəyərində gübrə güzəştlə satılırsa, bu məbləğ 150 manatadək artırılacaq. Fermerlərin şikayətindən aydın olur ki, güzəştin məbləğinin artmasından kənd təsərrüfatı istehsalçıları demək olar ki, heç nə əldə etməyəcəklər: “Aqrolizinq”də strukturlaşmış şəbəkə buna imkan verməyəcək.

İqtisadçı Rövşən Ağayevin virtualaz.org-a dediyinə görə, “Aqrolizinq” yalnız gübrə satışında deyil, texnika satışında da qaranlıq işlərə əl atır: “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına avadanlıq güzəştli şərtlərlə təqdim olunsa da, bu, heç də pulsuz deyil. Bu, biznesin növlərindən biridir. Sovet İttifaqının tarixi göstərdi ki, dövlət bizneslə rentabelli məşğul olmaq iqtidarında deyil. Xaricdə aqrolizinqlə dövlətin dəstəyi ilə kooperativlər məşğul olur. Bizim ”Aqrolizinq ASC" isə özünü o qədər də yaxşı tərəfdən göstərməyib. Dövlətin “Aqrolizinq”ə ayırdığı pullar bəzi hallarda onun rəhbərliyinin varlanmasına gedir. Fermerlərə texnikanın “otkat” (təqdim edilən pul vəsaitinin bir hissəsinin borcalanın hesabına mənimsənilməsi-red.) şərtilə verilməsi təcrübəsi çiçəklənir. Bu yaxınlarda fermerlərdən “otkat”a görə “Aqrolizinq”in Ağcabədi şöbəsinin rəhbəri cinayət məsuliyyətinə cəlb edilib. “Aqrolizinq”in rəhbərlərinin ciblərinin doldurulmasına xidmət edən daha bir mənbə isə aqrotexnikanın fermerlərə aşağı qiymətə rüşvətlə satışıdır.
“Aqrolizinq” sistemində korrupsiyaya ictimai nəzarətin büsbütün yoxluğu şərait yaradır. İctimai təşkilatlar fermerlər arasında kənd təsərrüfatı texnikasının bölüşdürülməsi prosesinə buraxılmırlar".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı bildirib: “İctimai təşkilatların iştirakı nəyə lazımdır ki? Onlarsız da keçinərikE”

“Dəfələrlə ”Aqrolizinq"ə müraciət etmişəm ki, mənə istifadə üçün kənd təsərrüfatı texnikası verilsin. ASC-nin təmsilçiləri elə qiymətlər deyirlər ki, adi bankdan kredit götürərək, bu texnikanı özəl şirkətlərdən almaq daha çox sərf edir. “Aqrolizinq” texnikanı “öz” fermerlərinə verməyi üstün tutur", - bunu isə fermer Şöhrət Məmmədov deyib.

Onu da qeyd edək ki, keçən il ölkəyə 10 mindən çox texnika gətirilib. Bunun üçün dövlət büdcəsindən on milyonlarla manat vəsait sərf olunub. Dövlət başçısının fevralın 23-də imzaladığı sərəncamla kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 160 milyon manat vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə, ilk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi nəzərdə tutulur. Artıq pambıqyığan kombaynların alınması üçün müqavilə bağlanıb və 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynlarının gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq.

Bundan əlavə, Gəncə Avtomobil Zavodu ilə 1000-dən çox traktorun alınması ilə bağlı müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, dövlət lazım olan vəsaiti vaxtında ayırır ki, kənd təsərrüfatı istehsalçılarının texnikaya, gübrəyə olan ehtiyacı vaxtında qarşılansın. Lakin “Aqrolizinq” rəhbərliyi nə gətirilən texnikanın, nə də gübrələrin istehsalçılara vaxtında və ədalətlə çatdırılmasına imkan vermir. Bu isə yerlərdə istehsalçıların narazılığına səbəb olur.
“Yeni Müsavat”
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət