» » “MƏNİ ÇOX XƏBƏRDAR EDİBLƏR Kİ, BU SİRRİ ÇOX AÇMA, SƏNİ DƏ ÖLDÜRƏRLƏR”

“MƏNİ ÇOX XƏBƏRDAR EDİBLƏR Kİ, BU SİRRİ ÇOX AÇMA, SƏNİ DƏ ÖLDÜRƏRLƏR”

Nizami Süleymanov: “Bəzi insanlar və cadugərlər gedib dəlləklərə pul verirlər ki, filankəs saçını qırxdırmağa bura gələndə onun saçını yığ, mənə saxla”Akademik siyasətçilərə neqativ enerjidən qurtulmaq üçün üzərlik biokartını gəzdirməyi məsləhət gördü
20 il qabaq prezident seçkilərinə qatılıb böyük nəticə əldə edən, ancaq illərdir ki, siyasətdən birdəfəlik gedən və yalnız elmi işlə məşğul olan akademik Nizami Süleymanov yeni ixtiraya imza atıb. Azərbaycan Texniki Universitetinin professorları Arif Məmmədov və Sübhan Namazovla birlikdə nanotexnologiyadan istifadə edilməklə hazırlanan üzərlik biokartı vasitəsilə insanların enerji balansının qorunmasının və neqativ enerjinin aradan qaldırılmasının sirrini tapıb.
Elə tanınmış alimimizlə görüşə bu ixtiranın sorağını eşidəndən sonra getdik. Şəxsiyyət vəsiqəsinə bənzəyən 4,3 qramlıq biokartın üzərinə möhürə bənzər formada üzərlik tozu səpilib və karta bərkidilib. Nizami müəllim deyir ki, insan bu kartı üzərində gəzdirən zaman hər cür neqativ enerjini sıfırlamağa qadir olur, standart müalicə alan zaman baş ağrıları, ürək-damar, əsəb sistemi, diabet xəstəliklərindən, yorğunluq, stress, depressiyadan və bir çox xəstəliklərdən ya tamamilə, yaxud da xeyli dərəcədə xilas olur. Dediyinə görə, hazırlanan 10 min biokart Azərbaycan, Türkiyə, Almaniya və Avstraliyada geniş təcrübədən keçirilib və uğurlu nəticələr əldə edilib. Artıq Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məhsula sertifikat verib. Tanınmış kardioloq, tibb elmləri namizədi Məmməd Məmmədov buna rəy də verib. Qeyd olunub ki, standart müalicə alan və üzərində biokart olan 88 xəstənin müalicəsində istifadə olunub və 14 günlük müalicədən sonra üzərində biokart olmayan xəstələrə nisbətən onların müayinəsində müsbət dinamika və səhhətlərində yaxşılaşma müşahidə edilib. Türkiyənin “Nanopark Teknoloji” şirkətinin baş direktoru Ali Köse də akademikə yazdığı cavabında göndərilən 200 biokartın faydası haqda rəsmi məktub yazıb. Avstraliyadan da bu biokartdan istifadə edənlərdən müsbət fikirlər daxil olub. Qeyd etmək lazımdır ki, üzərlik biokartı dərman vəsitəsi deyil və ciddi xəstəliyi olanlar bu biokartdan yalnız standart müalicə ilə yanaşı istifadə etməlidirlər.
N.Süleymanov deyir ki, ürək-damar xəstəlikləri olanlar bu kartı elə döş cibinə qoya bilər. İstəyənlər bunu ipək iplə boynundan da asa bilər ki, bütün bədənindəki ağrılardan qismən də olsa, mənfi yüklü enerjidən isə tamamilə qoruna bilsin. Deyir üzərliyin təsir müddəti əslində 4 ildir, amma bu kartın ildə bir dəfə dəyişdirilməsi məsləhətdir. Bu kart həm də “göz qaytarmağa” qadirdir. Akademik deyir ki, bəd nəzər əslində neqativ enerji təsirindən insanda spazmatik sıxıntıların yaranmasıdır: “Müəyyən insanlar var ki, gözündə neqativ enerji şüaları var və o, qarşısındakına baxdıqda onun pozitiv enerjisini özünə çəkir və həmin insan halsızlaşır. Burda cin-şeytanlıq heç nə yoxdur, bu, dalğa, energetik ötürülmə məsələsidir, biofizikadır. Üzərlik biokartı sənin üstündə olanda qorunursan, qarşıdakı adam sənin enerjini çəkə bilmir. Yaxud bunun başqa bir faydasını deyim. Biz burada hər ildə azı iki dəfə qrip olurduq. Ancaq bu kartdan istifadə etdikdən sonra birimiz də qripə yoluxmadıq. Qrip əlamətini hiss edən kimi bir-iki gün dərman içdik, qrip bitdi. Əvvəllər həftələrlə dərman içirdik, xəstəlik keçmirdi. Hesab edirəm ki, bu, ən azı əhalinin 80-90 faizinə kömək edər”.
- Nizami müəllim, bu ixtira ilə dərman mafiyasının qəzəbinə tuş gəlməzsiniz ki?
- İnanmıram. Çünki bu, dərmanı istisna etmir. Türkiyədə şəkəri normadan dəfələrlə artıq olan və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xanıma xəstəxanada bu kartdan veriblər və standart müalicə çox uğurlu olub, qısa müddətdə o, xəstəxanadan çıxıb, indi də o kartı gəzdirir, şəkəri normaldır. Tibb elmləri namizədi Məmməd Məmmədovun da rəyində xüsusi vurğulanır ki, bu kart kompleks müalicəyə kömək edən bir vasitədir, standart müalicəni istisna etmir. Dərman qəbul edəndə sən tez sağalırsan. Yəni bu, həkimə yardımçıdır.
“MƏNİ ÇOX XƏBƏRDAR EDİBLƏR Kİ, BU SİRRİ ÇOX AÇMA, SƏNİ DƏ ÖLDÜRƏRLƏR”
- Azərbaycanda məşhur simalardan kimlər var ki, bu biokartdan istifadə edib və bəhrəsini görüb?
- Adını çəkdiyim kardioloq Məmməd Məmmədovdan başqa, tanınmış fizioloq, tibb elmləri namizədi, dosent Rəşid Mahmudov, psixoloq Dəyanət Rzayev isə həm ozü və həm də pasientlərinə verib, istifadə ediblər, şair Ənvər Əhməd, polis mayoru Əfqan Əliyev, səhiyyə işçisi İnqilab Kərimov, musiqi müəlliməsi Məhəbbət Əhədzadə və bir çox başqaları. Məşhur politoloqlardan var ki, istifadədən sonra razılıq edib.
- Yəqin, siz də eşidibsiniz, çox hallarda deyirlər ki, cəmiyyət olaraq bizə nəsə olub, problemlərimizə, taleyimizə laqeyd olmuşuq. Bunun sirri nədədir?
- Bəzi inkişaf etmiş ölkələrdə xüsusi dalğalardan istifadə olunmaqla hansısa ölkələrin insanlarının beyninə təsir edə bilirlər. Hətta peyklər vasitəsilə bu şüaları, dalğaları ötürə bilərlər. Amma biz insanların neqativ enerji təsirindən xəstələnməsinin sirrini açdıq. Bəzən eşidirsən ki, deyirlər filan yerdən tapılan bükülü parçadan qıfıl, açar, iynə, sancaq, qurd yağı, yaxud quş beyni çıxıb. Bunların hamısı maddi şeylərdir, cin-şeytanın bu maddi əşyalara nə dəxli ola bilər ki? Amma hamısı çürüntü yarada biləcək əşyalardır. Metallurq olaraq bilirəm ki, dəmir oksidləşəndə mənfi ionlar, ətrafda neqativ enerji əmələ gəlir. Adamın saçından, paltarından, dırnağından oğurlayıb həmin əşyaların içinə qoyurlar, basdırırlar. Tük birbaşa bizim ətraf mühitlə, kosmosla, dünya ilə, kainatla əlaqəmizi təmin edən, xüsusi antennadır. O əşyaların içərisindən insanın tükü, dırnağı, ya da hansısa paltarının kiçik də olsa bir parçası çıxır. Bu gün Yer üzündəki milyardlarla insanın hər birinin barmaq izi fərqli olduğu kimi, hər bir insanın tükü də ancaq özünəməxsusdur. Yəni tük hara düşübsə, o yerdəki auranı insana ötürür. Ona görə də bineyi-qədimdən nənə-babalar danışardı ki, bəzi insanlar saç-saqqalını qırxdıranda onu tullamaz, kəsib saxlayardı, ya dırnağını kəsəndə atmazdı, saxlayıb yandırardı. Eşitdiyimə görə, bəzi şəxslər və yaxud cadugərlər gedib dəlləklərə pul verirlər ki, filankəs saçını qırxdırmağa bura gələndə onun saçını yığ, mənə saxla. Əgər sənə bir pislik eləmək istəyirlərsə, sənin tükündən istifadə edib neqativ auralı sahələri ötürürlər, neqativ enerjini sənə yönəldirlər. El dilində buna cadu deyirlər. Amma əslində bu, neqativ biofiziki sahədir. Necə ki, qısaqapanma deyirlər, yəni o sahəni məsafədən naqilsiz olaraq sənə birləşdirirlər, neqativ enerjini biofiziki dalğa kimi sənə ötürürlər. Bu zaman sənin istehsal etdiyin enerji ora axır, bədən sıxılır və enerji balansı pozulur, immun sistemin zəifləyir və spazmatik sıxıntılar sənin ümumi səhhətini zəiflətməyə başlayır. Beyində 50-100 milyard arası neyron var. Neyronların, qan damarların sıxılmağa başlayır, maddələr mübadiləsi pozulur. Həkimə gedirsən, yüz dəva-dərman yazılır, xeyri olmur. Eləsi var, deyir həkim qalmadı getdim, dərdimə əlac yoxdur, deyəsən mənə cadu olunub. Başlayır cadugər axtarmağa, onların da 99 faizi fırıldaqçıdır. Peyğəmbərimizə (s) olunan cadunu su quyusunda yerləşdiribmişlər. Hətta cadu zamanı əşyaları basdıranda üstünə su tökürlər. Yəni çürümə prosesi sürətlə getsin. Ərəbistanda da isti olduğundan yəqin Peyğəmbərə (s) məxsus saç, dırnaq, yaxud paltarını “caduya” qoyub quyuda gizlədiblər ki, çürümə tez getsin və ona sürətlə təsir etsin. Qıfıl qoyurlar ki, səni bağlasınlar, ya sap düyünləyirlər. Mənə danışırlar ki, cadu, piti, əməli ələ salıb gülənlərin 90 faizindən çoxunun ailəsinin işi-peşəsi o falçı, cadugərlərin yanında olmaqdır. Özlərini qorumaq üçün gedirlər. And-aman edirlər ki, getməyəni yoxdur, içərilərində siyasətçisi də, deputatı da, məmuru da, naziri də olur.
Əslində burda caduluq bir şey yoxdur. İnsanlara demək istəyirəm ki, cin-şeytanın yaxasını rahat buraxın, yazıqlarla işiniz olmasın. Bu, kainatın təbii proseslərini bilənlərin bəd əməllərinin nəticəsidir. Bundan da qorunmağın yolu var.
- Üzərlik?
- Peyğəmbərin (s) hədislərinin birində oxuduq ki, üzərlik yetişənə qədər onun hər bir budağına, yarpağına, dənəsinə bir mələk həvalə olunur. Yəni o dövrdə insanlar təhsilli deyildi, Peyğəmbər (s) də mələkdən bəhs edirdi ki, insanların inamı daha çox olsun. Biz təcrübə keçəndə avtobusun içərisində üzərliyi yandırdıq, yarım saat ərzində mühərrikin səsi dəyişdi, gücü artdı, qara tüstü boza, boz ağa çevrildi, o da çəkildi. Anladım ki, burda cin-şeytan sözü yoxdur, üzərlik yananda daha aktiv şəkildə pozitiv enerji dalğaları buraxdı, korpusa dəydi, korpusdan yanacağa keçdi, boşalma getdi və yanma kamerasında püskürmə zamanı yanacaq daha kiçik damlalara parçalandı. Biz ordan başladıq, başa düşdük ki, sən demə üzərlik yananda aktiv biosahə yaradır, pozitiv enerji verir və üzərliyin insanlara nə üçün faydalı olduğunu düşünməyə və bu sahədə tədqiqatlara başladıq.
- Siyasətdə qara magianın tətbiqindən çox danışılır.
- Mən əlimlə apardığım təcrübələrə inanıram. Bilirəm ki, insana yönələn neqativ enerjini silmək mümkündür. Nanotexnologiya üsulu ilə hazırlanmış bu kartdan istifadə edən insan istəyir Prezident Aparatında işləsin, istəyir fəhlə işləsin, istərsə də jurnalist olsun - o, bundan istifadə edib neqativ enerjidən qoruna, həmçinin immuniteti artırdığına, maddələr mübadiləsini yaxşılaşdırdığına görə səhhətini yaxşılaşdıra bilər. Amma mən bunu da bilirəm ki, istər dövlət qurumlarında, istər qeyri-yerlərdə insanlar otaqlarında üzərlik yandırırlar. Təcrübə işləri ilə əlaqədar Türkiyə bələdiyyəsində olduğumuz zaman bir nəfər dedi ki, mən üzərlik kartını üzərimdə gəzdirəndən bəri avtomobilimdə pozitiv dəyişikliyi müşahidə etmişəm və artıq üzərliyə inamım artıb. Bir şeyi də deyim, əgər bir adət-ənənə min illərdən bəri keçib gəlibsə, orda boş şey yoxdur. Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında Ərəstunun İsgəndərə nəsihətində deyilir:
Salamat yaşamaq istəsən əyər
Oda üzərlik at hər gün, hər səhər
- Rəqiblərin, iqtidar-müxalifətin bir-birinə əməl etdirməsi mümkündürmü?
- Əməl olunmamış da elələri var ki, özü də cin-şeytandır. Təəssüf ki, bu gün sağlam düşüncə, inkişaf naminə çalışmaq, əl-ələ verib ölkəni çətin durumdan, erməni məkrindən, onun havadarlarından qorumaq əvəzinə, biz öz içərimizdə bir-birimizlə didişməklə məşğuluq. Bunun nə müxalifəti bir-biri ilə barışa bilir, nə də iqtidar-müxalifət. Hətta bəzən sağlam rəqabəti düşmənçiliyə çevirirlər.
- Bayaq dediniz ki, adamın saçından istifadə etməklə ona qarşı neqativ enerji göndərmək mümkündür.
Deməli, siyasətçilər saç ustasına gedərkən ehtiyatlı olmalıdır...
- Bizim bu söhbətimiz çox ciddi söhbətdir. Bir yaşlı elm adamı kimi hamıya məsləhət görərdim ki, üzərlikdən geniş istifadə etsinlər. Tanrının yeganə bitkisidir ki, bu hikmət ona verilib. Mən ticarətçi deyiləm, yaşım da keçib, yorulmuşam. Ona görə də bunu hazırlayıb satışı ilə məşğul olan deyiləm. Ancaq dövlət, qeyri-dövlət qurumlarına müraciət edirəm, kim istəsə, texniki şərtləri, sertifikatı olan bu məhsula hüququmuz var, müqavilə bağlaya bilərik, satıb qazansınlar, heç bizə də bir qəpik verməsinlər. Amma lap üzərlik kartını ala bilməyən insanlar belə bazardan üzərliyi alıb onun toxumlarını boşqabda əzsin, saçının tükündən onun içinə qoysun. Ancaq onu ayda bir dəfə yandır, tükün də yansın, üzərlik də. Üzərliyi yandıranlara bir məsləhətim də var ki, sonra otağın havasını dəyişsinlər. Üzərliyi yandırdınsa, tüstüsündən qısa müddətdə azad olmalısan, tüstünün ziyanı da var. Kimin bura qədər dediklərimizə şübhəsi varsa, buyursun bizim laboratoriyaya, dediklərimizin hamısını ona sübut edək. Bu gün xristian dünyasında, Avropada, Amerikada üzərlik plantasiyaları salınır, dərmanlar düzəldilir, evin kandarından asırlar ki, “qeyri-sağlam ruhlardan insanı qoruyur”.
- Bəs, siyasətçilər saçlarını qırxdırandan sonra nə etsinlər?
- Heç nə. İstəyir müxalifət, istəyir iqtidar, hamısı bizim millətimiz, canımız, qanımızdır. Hamısına məsləhət görürəm ki, siyasətçilər ciblərində ya parçaya bükülmüş üzərlik zərrəciklərini, yaxud da üzərlik biokartı gəzdirsinlər. Ondan sonra lap o cadugərlərə pul versinlər ki, mənim saçımı yığışdır, nə edirsən et, cadu-pitini gətir evimdə, həyətimdə basdır. Nə basdırsa, nə etsə, faydası yoxdur.
- Siz cadugərlərin, falçıların bazarını da öldürürsünüz...
- Eşitdiyimə görə, bəzən cadugərlər onların sirrini açan adamları da öldürürlər. Məni çox xəbərdar ediblər ki, bu sirri çox açma, səni də öldürərlər. (gülür) Ancaq alimin borcu deməkdir, o qədər alimlər olub ki, canını elmə fəda edib. Amma tam inanıram ki, xeyirxah iş görənləri Allah qoruyur. Ona görə də narahatçılığım yoxdur. Amma mənim əsl möminlərə, hacılarımıza, Allah vergisi olan insanlara da böyük hörmətim var.
- Belə fikirlər var ki, hakimiyyət siyasi rəqiblərinə qarşı parapsixoloqların əməyindən istifadə etməklə müxtəlif problemlər yaradır. Hətta Tofiq Dadaşovun xidmətlərindən istifadə edildiyi iddia olunur...
- Vallah, görmədiyim, bilmədiyim, duymadığım bir şey haqqında söz deməyim 68 yaşın içində olan bir elm adamı kimi mənimçün düzgün olmaz. Bəli, sağlam təfəkkürlü, insanların səhhətləri keşiyində duran dostum, professor Nadir İsmayılov, Dəyanət Rzayev kimi psixoloqları, həmçinin bəzi parapsixoloqları yaxşı tanıyıram. Mən özümü Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir ardıcıllarından biri hesab edirəm. Yəni xurafata uyub milləti falçılığa, cadugərliyə çəkməyi qəbul etmirəm və həmişə də milləti daha sivil, elmi yollara dəvət etmişəm. Oxucuların bir qismi deyəcək ki, deyəsən, bu, yaşlanıb, kəftən-səftən vurur. Amma kimin şübhəsi varsa, gəlsin, onun yanında sübut edim ki, bu üzərlik biokartının nə üstünlükləri var. Siz bu biokartı aparın evinizə, içərisində içməli su olan stəkanın altına qoyun, bir saatdan sonra o suyu için və 5-6 metr aralıda olan eyni başqa bir stəkandakı suyu da için, fərqinə baxın. Görün pozitiv enerji təsirindən üzərlik biokartın üzərindəki su nə qədər yumşaqdır. Yaxud turşməzə şirənin üzərinə bu biokartı qoyanda baxırsan ki, şirənin dadı nə qədər yaxşılaşır.
- Ölkədə gərginliyin hökm sürdüyünü, insanların aqressivliyini hər addımda hiss etmək olur. Bu vəziyyəti necə dəyişmək olar, ona bir çarə təklif edirsinizmi? Bəlkə hamı üzərində üzərlik gəzdirsin?
- Yox, üzərlik gəzdirməklə insanın tutqun sifəti açılmır. Məncə, mətbuatda, televiziyada xoş auralı verilişlərin, materialların sayını artırmaq lazımdır. Televizoru açandan axıracən xəbərlər eşidirsən ki, filankəs dədəsinin başını kəsdi, filankəs arvadını baltaladı, filankəsi güllələdi. Ölüm-itim xəbərlərinin, neqativ auralı söhbətlərin sayı-hesabı yoxdur. Televizoru açan kimi eşidirsən ki, filan yolda avtomobil qəzası olub, filan qədər adam ölüb. Dünyanın hər yerində belə qəzalar var. İnsanlara xoş auralı söhbətləri də çatdırmaq lazımdır. O qədər bir-birimizə neqativ auralı fikirlər, sözlər deyirik ki, aqressiya da yaranır. Deyirlər səhəri necə açırsansa, günün də elə keçəcək. Biz Antalyada dincəlirdik, yoldaşlardan biri qeyzləndi ki, bu nədir, almanlar, hollandlar bizi tanımaya-tanımaya niyə yanımızdan keçəndə gülümsəyib salam verirlər, bəlkə bizi ələ salırlar. Dedim a kişi, bunlar sadəcə elə mühitdə yaşayırlar deyə, bu cür yanaşırlar. İnsandan-insana pozitiv aura keçməlidir. Bizdə küçədə gedəndə baxırsan, görürsən hamısı da olmasa, bir qisminin üzündən elə bil ki, zəqqum tökülür. Bəzən elə acıqlı, qaş-qabaqlı insanlarla rastlaşırsan, deyirsən, ilahi, görəsən bunlara nə olub? Biri ilə rastlaşdın, xoş söz de, əhvalını soruş. Daha demə ki, sənə nə olub e, nəsə gözümə birtəhər gəyirsən. Bəd şeylər haqqında nə qədər çox fikirləşsə, cəmiyyət bədə doğru gedəcək.
- 20 il əvvəl seçkiyə qatılmışdınız. Amma artıq siyasətdən getdiyinizi bəyan edibsiniz. Təsadüfən geri dönmək, ortaya iddia qoymaq niyyətiniz yoxdur?
- Yox. O vaxt 47 yaşım var idi, artıq 68-ə keçmişəm. İnsan gərək abrına qısılıb otura. İsəsək də, istəməsək də yaşa doluruq və fiziki cəhətdən məhdudlaşırıq. Mən tələbə vaxtı elə olub imtahan günlərində üç gecə yatmamışam, amma mənə heç nə olmayıb. İndi isə bir gün yuxumun başından bir az əskik olanda özümü narahat hiss edirəm. Bir də ki, deyirlər qocalanda öyrənən gorunda çalar. Mən yaşda adamın belə bir eşqə düşməsi öz-özünü ələ salmaq kimi bir şeydir.
- Seçkidə sizin namizədiniz kim olacaq, kimə səs verəcəksiniz?
- Xalqın gözü tərəzidir, ən ləyaqətli namizədə səs verəcək, mən də həmçinin. Mənim fikrim budur ki, dünyanın heç bir ölkəsində son 7-8 ildə bu qədər quruculuq işləri aparılmayıb. Tikmək, qurmaq, abadlaşdırmaq, yol çəkmək, yeni layihələr həyata keçirmək bir yaradıcı insan kimi həmişə mənim xislətimdə olub. Bakıda ilk neft quyuları fontan vuranda Bakıda gözəl binalar tikilmişdi. Nə tikildisə, millətə qaldı. Ona görə indiki tikinti-abadlıq işlərindən mən çox razıyam.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət