» » Osman Osmanlı: “Nə vaxtsa, erməni mənə qalib gəlsə, məşqi ataram”

Osman Osmanlı: “Nə vaxtsa, erməni mənə qalib gəlsə, məşqi ataram”

Osman Osmanlı: “Nə vaxtsa, erməni mənə qalib gəlsə, məşqi ataram”














“Erməni idmançılarla 4 dəfə qarşılaşıb, hamısında da qalib olmuşam”

-Bildiyim qədərilə, ölkə daxilində də, ölkə xaricində də uğurlarınız çox olub. Bəs bu qalibiyyətlər arasında əvəzolunmaz hesab etdiyiniz nailiyyətləriniz var?

-Bəli, 2013–cü ildəTürkiyədə Avropa Çempionatı keçirilmişdi. Orada öz yaşıdımla döyüşüb uduzmuşdum, özümdən yaşca böyük rəqibləri isə keçib 1- ci yeri tutmuşdum. Ona görə bu uğurum çox əhəmiyyətlidir mənim üçün. Bundan sonra nəsildə statuslar paylaşılırdı ki, Osmanlı Osmanlını bir daha fəth etdi (gülür). Bir də Rusiyada keçirilən Avropa Çempionatında erməniyə 5 sıfır qələbə ilə qalib gəldim. Düzdür, döyüşə çıxanda əslində düşmən kimi deyil də, rəqib kimi yanaşırsan. Amma bilirəm ki, erməni idmançısıdır və ona qalib gəlmək lazımdır. 4 dəfə erməni idmançı ilə yarışmışam, dördündə də qalib olmuşam. Düşünürəm ki, nə vaxtsa erməni mənə qalib gəlsə, məşqi ataram.

-Daim qalibiyyətlərinizin şahidi olmağı diləyirik







-Azərbaycanlıların münasibətləri necə oldu bu qələbələrə?

-Həmin zalda toplam 50 nəfər azərbaycanlı var idi, ermənilər daha çox idi. Orada yerliləri, əsasən, ermənilər təşkil etdiyinə görə çox idilər. Rəqibim də çox güclü idi, məndən öncə türk idmançıya qalib gəlmişdi. Ona görə mən onu udanda hamı dəhşətə gəlmişdi. Sonra saytlarda paylaşılmışdı ki, azərbaycanlı türkün qisasını aldı. Sonra gedirəm Qazaxa, bütün tanışlar deyir ki, “Natiqin oğlusan? Ermənini udan döyülsən mi?” (gülür) Deyirəm, hə. Tez gəlib qucaqlayıb, öpürlər.





-Xeyli sayda döyüş sənəti arasından necə oldu ki, karate ilə məşğul olmağa qərar verdiniz?

-Əslində 10 il əvvəl 3 qardaş olaraq başlamışıq karateyə. Çox enerjili uşaqlar olmuşuq (gülür). Atam sağlamlıq üçün, həm də qaçıb, idman edib enerjimizi öldürmək üçün göndərirdi karateyə. Hətta mənim ortancıl qardaşım məndən daha güclü idmançı olmuşdu. Lakin sonra iki qardaşım dərsə görə idmanı atdılar. Mən isə yarışlara çıxdım, medallar filan qazandım, elə də davam etdim.





-Siz hansı sahədə təhsil almaq istəyirsiniz?

-Hazırda 10 -cu sinif şagirdiyəm. İqtisadiyyat sahəsinə hazırlaşıram. Sınaqlarda 650 balı keçirəm. İELTS imtahanı ilə xaricdə təhsil almağı düşünürəm. Hədəfim 7.5 bal toplamaqdır. İtaliya, Almaniya, İspaniya – üç ölkədən birini nəzərdə tutmuşam.



-Karate sizin üçün müdafiə sənətidir, yoxsa yaşam tərzi?

-Hər ikisidir.

-Real həyatda karatedən istifadə etdiyiniz anlar olub?

-Hələ ciddi şəkildə olmayıb, amma belə olub. Qardaşlarımla dalaşanda özümü qorumaq üçün (gülür). Ciddi məsələlərdə istifadə etməmişəm.



Döyüşlərdən öncə motivasiya aldığınız hansı amillər var?

-Əsasən, mahnılarla özümüzü toparlayırıq. Sırf idman mahnıları olur, yarışa getməzdən 10-15 dəqiqə əvvəl hamı onlardan motivasiya alır. Bir də dini inanc olmasa, çətin qalib gələrik. Hansı ölkə olur olsun, bir dəfə də olsa, dua etmək üçün məscidə gedirik. Allaha iman ən böyük motivasiyadır.



-Uğurlu karateist olmaq üçün hansı xüsusiyyətlər vacibdir?

-Bu, əsasən, başqalarının dəstəyilə də olur. Məncə, dəstəksiz insan uğurlu ola bilməyəcək. Ən əsas ailə, məşqçi və dostların dəstəyi olmalıdır. Məşqə həvəslə, vaxtı-vaxtında gəlmək lazımdır. Bir də cəldlik olmalıdır. Qələbə üçün isə özünə inam olmalıdır. Əgər inam olmasa, ya şans əsəri udacaq, ya da uduzacaq.

-Sizdə şans əsəri qalib olduğunuz anlar olub?

-Məndə olub elə. 2015 – ci ilin Respublika Çempionatında finalda döyüşdüyüm adam çox güclü idi. Bilirdim uduzacam, amma finalda xəbərdarlıqla qovuldu, mən də avtomatik qalib oldum. Ən uğurlu qələbələrimdən biri də 2016 – cı ildə Batumidə olmuşdu. Birinci erməni, sonra rus, daha sonra da gürcü idmançısına qalib gəlmişdim, orada da çempion olmuşdum.







-Bruce Lee deyib ki, “həmişə özünüz olun və özünüzə inanın. Heç vaxt dünyada tanınan bir şəxsi seçib, onu təkrarlamayın”. Bu barədə siz necə düşünürsünüz?

-Özünü ona oxşatmaq deyirsə, o düzdür. Lakin sırf idman sahəsində olan insanların kumiri olmalıdır. Məsələn, Rafael Ağayev 13 qat Avropa, 6 qat dünya çempionudur. Karate aləmində dünyanın qara brilyantı adlandırılır. O dərəcə güclü insandır, eyni zamanda mənim kumirimdir. İldə bir-iki dəfə gəlib bizim zalda məşq keçir, əsasən, onun dediyi fəndlər üzərində çalışırıq. Özümüzü Rafael Ağayevə oxşatmırıq, amma döyüşdə onun yolunu getmək istəyirik.





-Karate sahəsində xanımların fəaliyyətinə necə olur münasibətiniz?

-Oğlanlardan çox qızlar olur bizim məşqdə. Məşqlərdə xanım idmançılarla döyüşəndə oğlanlara nisbətən, daha ehtiyatlı oluruq. Oğlanlarla döyüşəndə kobud döyüşmək olur, amma qızlarla döyüşəndə fikirləşirik ki, birdən vuraram əzilər, qızlar da istifadə edib döyürlər bizi (gülür).

-Gələcək hədəfləriniz nələrdir?

-Qarşıda Respublika Çempionatı var. Noyabrın 24-25- i olacaq. Orada çempion olsam, medal qazansam, fevralın 17-də Danimarkada Avropa çempionata seçimlərdə olacam. Bu dəqiqə əsas hədəfim budur.

-Uğurlar arzulayırıq sizə

-Çox sağ olun.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət