» » Bəhram Bağırzadə: “Parodiya etdiyim nazirlər, məmurlar mənə...” — MÜSAHİBƏ

Bəhram Bağırzadə: “Parodiya etdiyim nazirlər, məmurlar mənə...” — MÜSAHİBƏ

Bəhram Bağırzadə: “Parodiya etdiyim nazirlər, məmurlar mənə...” — MÜSAHİBƏ














"Ölkə.Az" saytının növbəti qonağı tanınmış yumor ustası Bəhram Bağırzadədir.
Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Lounge”-ə təşəkkürümüzü bildiririk.

- Bəhram müəllim, zaman öz axarı ilə getdi və sizi haradan haraya apardı?

- Haradan gəlmişiksə, ora doğru gedirik. Hələ dayanmamışıq. Həyatda məqsədlər var, biz o məqsədlərə nail oluruq, amma mənim üçün əsas məqsəd deyil, hərəkətdir. Mən də hərəkətdəyəm .

- Ətalət qanununa riayət edirsiniz?

- Əlbəttə, edirəm. Çox təəssüf ki, bu gün mənim qazancım çox danışmaqdan çıxır. Nə qədər çox danışsam, evə bir qədər çox çörək aparacağam. Şükürlər olsun ki, halal qazanıram. Amma inanın ki, mənim çörəyim susmaqdan çıxsaydı, daha çox susmağa üstünlük verərdim. Hətta mənim bir film çəkmək ideyam var. Elə bir film istəyirəm ki, həmin filmdə baş rolu özüm oynayım və əvvəldən axıra qədər susum.



- Həmin filmi çəkmək üçün sponsorlara müraciət etmisinizmi?

- Mən həmişə demişəm ki, əgər kino çəkəsi olsam, özüm özümü maliyyələşdirəcəyəm. Heç kimin qapısına gedib sponsor axtarmayacam. Mən çəkəcəyim film bəlli bir kütlə üçün olacaq. Anlayan anlayacaq.

- Son zamanlar ölkəmizdə ekranlaşdırılan komediya filmlərindən razısınızmı?

- Heç kim məndən inciməsin, mən onlara kino deməyə qorxuram. O filmlər Binəqədidən o yana çıxmayıb, çıxmayacaq da. Kommersiya xarakterli film çəkmək olar, daha belə də yox.

- Bəlkə seçim yoxdur, ona görə tamaşaçı bu filmləri məcbur “həzm edir?”

- Var, seçim var. Məsələn, bizim dostumuz Emin Quliyev “Pərdə” filmini çəkdi. Mən hər dəfə o filmə baxanda bir ata olaraq kövrəlirəm. İstəsələr, bu uğuru komediya filmlərinə də gətirmək olar.

- Siz səhnədən bir müddət uzaqlaşmışdınız. Nə ilə əlaqəli idi?

- O ərəfədə ailə qurdum. Mən o sənətçilərdən deyiləm ki, ailəmi sənətimə qurban verim. Mənim üçün birinci növbdədə ailəm gəlir. Amma təxminən 2006-cı ildə qayıtdım. Lakin əvvəlki kimi olmadım, çünki həm yaşım artmışdı, həm də çəkim. Bundan başqa, sovet dövründəki intellektual səviyyəsi yüksək olan tamaşaçını tapmaq çətin oldu. İndi isə övladlarım böyüyüb. Hərəsi bir fərddir. Təbii ki, bundan sonra mən özümü gənclik illərimdəki kimi göstərməyəcəyəm.



- “Əsrin çempionu” olarkən finalda ağladınız. Ondan daha möhkəm nə zaman ağlamısınız?

- Məh hər gün ağlayıram, amma müsəlman kimi.

- Təsirə sala bilirsinizmi?

- Heç kimi təsirə salmıram. Özümə söz vermişəm ki, heç kimə məsləhət verməyəcəyəm. Onsuz da indiki cavanlar məsləhətə qulaq asmırlar.

- “KVN” ssenarilərinin yazılmağında iştirak edirsinizmi?

- Xeyr, məndə o istedad yoxdur. Mənə verilən hazır ssenarini oynayıram, amma bir aktyor olaraq səhnədə improvizələr edirəm ki, bu da normaldır.

- Komandanın üzvlərindən kimlərlə daha yaxınsınız?

- Hamısı ilə yaxınam, hamısının xətrini çox istəyirəm, lakin görüşməyə vaxt tapa bilmirəm. Çünki yaş artdıqca qayğılar çoxalır və zaman məhdudlaşır.

- Rəhmətlik Anar Məmmədxanov ilə çox yaxın idiniz...

- Mən həyatda dör-beş insana borcluyam ki, onlardan biri də rəhmətlik Anar Məmmədxanovdur. O, məni “KVN”-ə gətirməsəydi, mən indi burada əyləşib belə danışa bilməzdim. Düzdür, o zamanlar çoxları istəmirdi ki, mən səhnəyə çıxım, amma o, mənə inandı və komandaya dəvət etdi. Dedi ki, keç, mərkəzi mikrofona. Mən o sözdən sonra gecə-gündüz məşq etdim və onun etimadını doğrultdum.

- Hələ də “Neftçi”yə azarkeşlik edirsiniz?

- “Neftçi” barədə danışmaq istəmirəm. Müalicəm təzəcə qurtarıb. Fubolun içərisinə daxil olduqdan sonra gördüm ki, bizim bilmədiyimiz çox şeylər var. İndi heç bir komandaya azarkeşlik etmirəm, sadəcə olaraq futbola baxıram. Əsl futbola...

- Sizi şoka salan xəbər hansı olub?

- Bəzi kişilərin özlərini arvad kimi aparmaqları. İnanın mənə, dəhşətə gəlirəm hansısa bir jurnalist yazanda ki, filan xalq artisti filan xəstəlikdən əziyyət çəkir. Ayıbdır, kişi kişinin eybini qabartmaz. Əvvəllər belə şeylər yox idi. Belə hallar yolverilməzdir.


- Bir çox rütbəli şəxsləri parodiya etmisiz. İndiyə qədər etdiyiniz təqlidlərə görə sizə təzyiqlər olubmu?

- Olmayıb. İndiyə qədər təqlid etdiyim nazirlər, məmurlar intellektual insanlar olub və ona görə də heç bir problem yaşamamışam. Bir də ki, mən təhqir etmirəm, təqlid edirəm. Teymurləngin bir sözü var, deyir ki, əgər qorxursansa, etmə. Yox, əgər artıq etmisənsə, qorxma!

- “Parovoz”un davamı gələcəkmi?

- Xeyr, bir daha gəlməyəcək. O vaxtdan səsim gah tutulur, gah açılır. Bir dəfə marketdə bir nəfər mənə yaxınlaşıb dedi ki, siz məni tanımayacaqsınız, mən “parovoz”un oğluyam. Mahir müəllimlə indi də dostuq. Allah onun atası Qabil müəllimə rəhmət etsin ki, mənim təqlidimi normal qəbul edən intellektli bir şəxsiyyət yetişdirib.

- Məşhur reklamlara çəkilmisiniz. Amma bəzən bu reklamları ələ salanlar da olur. O insanlara sözünüz nədir?



- Mən Azərbaycanda yeganə insanam ki, 45 reklama çəkilmişəm. Bunun səbəbi isə insanların mənə güvənməyidir. O ki qaldı məni müzakirə edən insanlara, onlar mənim qapımı döyüb pul verirlər, ya da özləri hansı məsləyin sahibidirlər?! Və indiyə qədər nə ediblər?!

- Reklam etdiyiniz məhsullardan özünüz istifadə edirsinizmi?

- Etmişəm, indi də edirəm. Amma İslam dininə zidd olan heç bir reklamda çəkilmirəm. Məni heç vaxt qumar, içki və s. reklamlarında görə bilməzsiniz. Düzdür, bu növ reklamlara çəkilməyim üçün mənə yüksək qonorarlar təklif edirlər, amma birmənalı olaraq “yox” deyirəm.

- Ümumiyyətlə, aldığınız qonorarlar sizi qane edirmi?

- Mən həmişə hər şeydən razı olmuşam.



- Səhnəyə qalxmaq çətindir, yoxsa oradan düşmək?

- Ən çətin olanı vaxtında getməyi bacarmaqdır. Müslüm Maqomayev deyirdi ki, səhnədən bir il tez getmək yaxşıdır, nəinki beş dəqiqə gecikmək.

- Bəs siz nə zaman getməyi düşünürsünüz?

- Allah özü mənə onu əyan edəcək. İnanın ki, məqamı gələndə bir saniyə də dayanmayacağam, gedəcəyəm. Amma nə qədər sağam, nə qədər işləmək qabiliyyətim var, Allahın izni ilə həmişə hərəkətdə olacam. Rəhmətlik atam da belə olub. Uzun illər polis polkovniki olaraq fəaliyyət göstərdi. Təqaüdə çıxdıqdan sonra onun yeddi fərdi sərgisi keçirildi. Beş kitabı çıxdı və dörd filmə çəkildi.

- Bizim filmlərdə açıq-saçıq ifadələrin və səhnələrin yer almasına münasibətiniz necədir?

- Bilirsinizmi, bu halların qarşısını almaq bundan sonra mümkün olmayacaq. Təəssüf ki, Qərb qalib gəldi. İndiki mühitdə uşaq tərbiyə etmək çox çətindir. Buna görə də, valideynlər öz övladlarına tez-tez məsləhətlər verməlidirlər.



- Övladlarınızdan aktyorluğa meyl edəni varmı?

- Yoxdur, ola da bilməz. Ən azından mən icazə vermərəm. Çünki mən öz övladlarımın istedadlarına bələdəm. Mənim atamın böyüklüyü onda idi ki, mən ona deyəndə bəlkə polis olum, dedi ki, yox. Dedim, onda İncəsənət universitetini oxuyum, dedi ki, oxu, amma işinin peşəkarı ol! Qohumlarımız çaş-baş qalmışdılar. Mən xoşbəxtəm ki, atamın etimadını doğrultdum və onun gözünü arxada qoymadım.

- Atanızla “danışırsınızmı?”

- On il ərzində onunla danışmadığım gün olmayıb.

- Nə barədə danışırsınız onunla?

- Ondan məsləhətlər alıram. İndi köhnə kişilərdən çox az qalıb, məsləhət verə biləcək ağsaqqallara tək-tük rast gəlirəm. Əlli yaşımın olmasına baxmayaraq, hərdən elə problemlə üzləşirəm ki, onu “qaldıra” bilmirəm. Bax, onda atamla “məsləhətləşirəm”.

- Nədən qorxursunuz?

- Dünyəvi məsələlərdə, Allah göstərməsin, övladlarımın qarşısında acizlikdən çox qorxuram. Bir kişi üçün ən dözülməz haldır bu hal.

Söhbətləşdi: Niyam Şirinov, Cavidan Abdullayev
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət