» » FTX-nin "Vnukovo"da həbs etdiyi biznesmen Nəsrəddin Ocaqverdiyev müflis edilir - ÜAK-IN REGİONAL RƏHBƏRİ İDİ...

FTX-nin "Vnukovo"da həbs etdiyi biznesmen Nəsrəddin Ocaqverdiyev müflis edilir - ÜAK-IN REGİONAL RƏHBƏRİ İDİ...

FTX-nin "Vnukovo"da həbs etdiyi biznesmen Nəsrəddin Ocaqverdiyev müflis edilir - ÜAK-IN REGİONAL RƏHBƏRİ İDİ...














Rusiyanın Stavrapol diyarının Arbitraj məhkəməsi “Sberbank” tərəfindən “Qafqaz” MMC-nin (Mineralnıe Vodı şəhərində qeydiyyatdan keçib) müflis elan edilməsinə dair iddianı qəbul edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iddiaya əsasən “Qafqaz” MMC Moskvada qeydə alınmış “Aqro-Texnik” MMC şirkətinin bank qarşısında 765 milyon rubl məbləğində kredit borcuna görə zamin durub.

“Sberbank” habelə “Aqro-Texnik” MMC-nin də müflis elan edilməsi üçün iddia qaldırıb, amma Stavrapol arbitrajı şirkətin Moskvada qeydiyyatdan keçdiyini əsas gətirərək iddianı qəbul etməyib. İddiaçı kredit borcu əvəzində cavabdehlərin banka girov qoyulmuş əmlakının hərraca çıxarılıb satılmasını, borcun ödənilməsinin təmin olunmasını istəyir.

“Aqro-Texnik” MMC kənd təsərrüfatı məhsullarının topdan ticarəti, tekstil xammalı, yarımfabrikat və digər biznes sahələri ilə məşğul olur. Şirkətin nizamnamə kapitalının sahibi Azərbaycan sakini olmuş Nəsrəddin Məcid oğlu Ocaqverdiyevdir. “Qafqaz” MMC isə restoran biznesi, ərzaq məhsullarının çatdırılması xidməti, tikinti və digər biznes fəaliyyəti ilə məşğuldur, Mineralnıe Vodı şəhərindəki “Otel-Qafqaz” mehmanxana kompleksinin sahibidir. Bu şirkətin nizamnamə kapitalı azərbaycanlı biznesmen Elşən Nəzər oğlu Əhmədova məxsusdur. “Sberbank” bildirir ki, hər iki şəxs “eyni şəxslər qrupuna” məxsusdur.

“Sberbank”ın müflis etmək istədiyi biznesmen Nəsrəddin Ocaqverdiyev hazırda həbsdədir. O, ƏDV-nin geri qaytarılması yolu ilə Rusiya büdcəsindən 53 milyon rubldan çox vəsaiti ələ keçirib mənimsəməkdə ittiham olunur.

TASS-ın məlumatına əsasən Rusiya İstintaq Komitəsi bu il martın 22-də Ocaqverdiyevə qarşı mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində ƏDV-nin geri qaytarılması yolu ilə büdcə vəsaitlərinin yeddi epizodda mənimsənilməsi ittihamı ilə cinayət işi qaldırıb. İstintaqın bildirdiyinə görə Ocaqverdiyev 2015-2017-ci illər ərzində Mineralnıe Vodı şəhərində ƏDV güzəşti olan fərdi sahibkarlardan və ya birbaşa kolxozlardan kənd təsərrüfatı məhsullarını alıb.

İstintaqın məlumatına görə barəsində cinayət işinin qaldırıldığını və “daxil olduğu mütəşəkkil cinayətkar qruplaşma” barədə araşdırmanın getdiyini eşidəndə Ocaqverdiyev istintaqdan yayınmağa çalışıb. Minvoddan Moskvaya aviabilet alıb, amma Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Vnukovo” aeroportunda saxlanılıb.

Bu ilin aprelində məhkəmə Ocaqverdiyevin barəsində iki aylıq həbs qətimkan tədbiri seçib, həmin müddət iyunun 17-də bitir.

Biznesmen özü məhkəmədə bütün ittihamları rədd edib və heç bir cinayət törətmədiyini deyib. “Bu, sadəcə olaraq biznesdir” deyib. “Mən aldatma yolu ilə ƏDV-ni geri almağım barədə ittihamları qəbul etmirəm. Mənim 500-dən çox işçim var, banklar qarşısında 700 milyon rubldan çox kredit öhdəliyim var və məni təcridxanaya salsalar iki ay ərzində müəssisə dağılacaq”-o deyib.

Amma məhkəmə Ocaqverdiyevin sözlərinə məhəl qoymayıb, istintaqın vəsadətini təmin edib.

Nəsrəddin Ocaqverdiyev ötən il qeydiyyatı ləğv edilmiş diaspor təşkilatı Ümumrusiya Azərbaycan Konqresinin Şimali Qafqaz üzrə Dairə Şurasının sədri olub, 2014-cü ildə səfir Polad Bülbüloğlunun da qatıldığı toplantıda ÜAK-ın icraçı direktoru İlqar Hacıyev onu medalla təltif etmişdi.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət