Xalq aprel şəhidinin evini alan “Parabank”ı boykota çağırdı - Tükürpədici rəzalət...

Xalq aprel şəhidinin evini alan “Parabank”ı boykota çağırdı - Tükürpədici rəzalət...

















Dövlət tərəfindən aprel şəhidlərinin ailələrinə hər bir dəstək olsa da, bəzi qurumlar naqisliklərindən geri qalmırlar

"Parabank” kredit borcuna görə aprel şəhidimizin ailəsinin evini əlindən almaq istəməsi də hiddət doğurmaya bilməzdi. Sosial şəbəkələrdə artıq bankın boykot olunması barədə çağırışlar var.

Çünki “Parabank”ın bu xalqa heç bir müsbət xidməti olmadığı, vətəndaşlardan ancaq mənfəət güddüyü halda vətən uğrunda, o bankın rəhbərliyinin sərbəst yaşaması uğrunda canından keçən şəhidin evi əlindən alınır.

O bankın Azərbaycana nə kimi xeyri dəyib? O bank bir şəhid ailəsinə kömək edibmi? Bir şəhid ailəsinə aşağı faizlə kredit veribmi?

O bank pul qazanmaqdan başqa hansı profildə fəaliyyət göstərir? Şəhidin ailəsinin evini almaq hansı mənəviyyatın nəticəsidir?

Bu suallara bank cavab verməli olduğu halda biganəlik nümayiş etdirir. Bu, biabırçılıqdır, özbaşınalıqdır. Üstəlik, kredit müqaviləsində şəhidi adı göstərilib. Rəzalətdir.

Ona görə də bu hadisə sosial şəbəkələrdə etirazla qarşılanıb, təcili tədbir görülməsi tələb olunub. Tezliklə “Parabank” barədə qərar verilməsi, heç bir faydası olmayan pulgir bank haqda ölçü götürülməsi istənilib.

Şəhidin qardaşı Xəlil Qasımov mətbuata şikayət edib. Onun sözlərinə görə, bank məhkəməyə verdiyi iddia ərizəsində şəhid qardaşını da cavabdeh kimi göstərib.

X.Qasımov bildirir ki, dəfələrlə "Para” Bank Olmayan Kredit Təşkilatından kredit götürüb və vaxtlı-vaxtında ödəniş edib. Sonuncu dəfə isə 2014-cü ildə qurumdan 80 min manat kredit götürüb.

Sonradan 7-8 min dollar dəyərində qızılı banka qoyub və bunun müqabilində ona 21 min manat kredit ayrılıb.

Xəlil Qasımov bu pulu almadığını, kredit üçün etdiyi ilk ödənişlərin də almadığı bu borca çıxıldığını və məsələ ilə bağlı şikayət ərizəsi yazdığını deyir:

"Maddi vəziyyətimin pisləşməsi səbəbindən borcu ödəməkdə çətinlik çəkdiyim üçün 2 ay ərzində banka dəfələrlə müraciət etdim. Bir müddət sonra banka çağırıldım, mənə yeni müqavilə imzalatdılar və vaxtı uzatdılar. Həmin vaxt 48 min manat borc qalmışdı”.

X.Qasımovun sözlərinə görə, "Parabank”ın "Azadlıq” filialının müdiri Elnur Novruzov müqavilənin müddətinin uzadılması qarşılığında ondan 2500 manat pul alıb:

"2500 manata görə heç bir qəbz verilmədi və kreditimdə də azalma olmadı. Ona görə düşünürəm ki, o pulu rüşvət olaraq məndən alıblar. Sonradan ödəniş edəndə mənə bankdan zəng edib bildirdilər ki, borcu dollarla ödəməliyəm.

Demə, müddət uzadılanda kredit manatdan dollara çevrilib və mən də oxumadan imzalamışam. Uzadılan müqavilədə dollarla göstərilən borcun həcmi də faizlə birgə 69 min dollara çatıb”.

Qardaşı məhkəmədən iddia ərizəsinin surətini alarkən şəhid qardaşı Əzizzadə Xalid Həsən oğlunun adının da cavabdehlər sırasında yazıldığını görüb.

“Mənim qardaşım heç vaxt o bankda olmayıb və zəmanətçi kimi də imza atmayıb. Onun cavabdehlər sırasında göstərilməsi bu qurumun öz müştərisinə və dəyərlərimizə hörmətsizliyinin bir daha göstəricisi sayılmalıdır”.

Qardaşının şəhid olana qədər o evdə yaşadığını və şəhid ailələrinin kredit borcuna güzəştlərin tətbiqi ilə bağlı cəmiyyətin, ziyalıların, o cümlədən ölkə rəhbərliyinin mövqeyinin Para BOKT-na heç bir təsiri olmamasından gileylənib. ulus.az

X.Qasımov artıq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətlər etdiklərini də bildirib.