Azərbaycan millisində Rəşad Sadıqov sindromu: "Əfranı o qoruyur?"

Azərbaycan millisində Rəşad Sadıqov sindromu: "Əfranı o qoruyur?"

















Azərbaycan milli komandası Dünya Çempionatı seçmə mərhələsində növbəti məğlubiyyətini alıb.

Yığmamız üçün olduqca əhəmiyyətli olan oyunda futbolçularımız son dəqiqədə buraxdığı qolla Şimali İrlandiya yığmasına məğlub olub. Qrupda ikincilik uğrunda mübarizəni davam etdirməyimiz üçün mütləq qələbə qazanmağımız lazım olan oyunda millimiz pis təsir bağışlamayıb. Futbolçularımızın əlinə fürsətlər düşsə də, son anda dəqiqlik çatışmayıb.

Bu məğlubiyyətdən sonra sosial şəbəkələrdə futbolçularımız haqda birmənalı olmayan şərhlər yazılıb. İstifadəçilər oyunun anti-qəhrəmanı kimi Əfran İsmayılovu göstəriblər. Əfran 2 dəfə qola çox yaxınlaşsa da, hesabı dəyişə bilməyib.

Almaniyayla bərbad oyundan sonra Əfran nəyə görə yenidən ilk 11-liyə salınıb sualına isə sosial mediada maraqlı cavab gəlib. Anar Hüseynov adlı istifadəçi yazıb: "Mən əminəm ki, yığma komandanı Robert Prosineçki yox, Rəşad Sadıqov formalaşdırır. Premyer Liqada kifayət qədər yaxşı təsir bağışlayan futbolçular olsa da, yalnız "Qarabağ"ın oyunçularına üstünlük verilir. Bu dəqiqə millidə əsas söz sahibi Rəşad Sadıqovdur. Rəşad kimi deyirsə, Prosineçki də onu meydana salır. Əfran ən çox tənqid hətta təhqir olunan futbolçudur. Nəyə görə onu ilk 11-də meydana buraxırlar? Çünki o Rəşadla dostdur. Hətta bir futbolçu var ki, vaxtilə Rəşad Sadıqovun sözünü yerə salıb, "Qarabağ"a gəlmədiyinə görə onu yığmaya çağırmırlar. Rəşad Sadıqov və Kamran Ağayev yığmadan getməsə, bu yığma düzəlməyəcək".

Qeyd edək ki, Əfran İsmayılov Almaniyayla oyunda da səhv etmiş və komandamız qol buraxmışdı.

Daha bir maraqlı sual isə Renat Dadaşovla bağlıdır. Almaniyadan gələn futbolçumuz nəyə görə Ş.İrlandiya ilə oyunda start heyətində yox idi? Görəsən, Prosineçki nəyi və kimin qərarını gözləyir ki, Renata hələ də şans vermir.