Sahibkarlara satılan aqrar texnikalara - 40% GÜZƏŞT

Sahibkarlara satılan aqrar texnikalara - 40% GÜZƏŞT


















Heydər Əsədov açıqlama verib

Bu ildən etibarən sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40% güzəşt tətbiq olunacaq. Bu məqsədlə dövlət tərəfindən 51 milyon manat vəsait ayrılıb.

Bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboy ictimaiyyəti ilə görüşündə bildirib.

“Eyni zamanda, əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün bütün növ gübrələr 70% güzəştlə satılacaq. Nazirlik gübrəyə tələbatın artdığını nəzərə alaraq 45 milyon tondan çox ehtiyat yaradıb”, - deyə nazir əlavə edib.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və süni mayalama ilə bağlı məsələlərə də toxunan H.Əsədov bildirib ki, buna nail olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil:

“Hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Aparılan təhlillər göstərir ki, cins tərkibini dəyişməklə mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq, eyni zamanda, heyvanları qapalı şəraitdə bəsləməklə örüş-otlaq sahələrini yem, yaxud əkin dövriyyəsinə cəlb etmək mümkündür”, - deyə H.Əsədov əlavə edib.

Nazir həmçinin qeyd edib ki, 2015-ci ildə dünyada hökm sürən iqtisadi və maliyyə probleminə baxmayaraq, Azərbaycanda kənd təsərrüfatının istehsalında 6,6% artım qeydə alınıb.

Bunun yüksək nəticə olduğunu qeyd edən nazir vurğulayıb ki, son illərdə aqrar sektorun inkişafı və fermerlər üçün yaradılmış şərait yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları istehsalında daha böyük artım əldə etməyə imkan verəcək.