Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldı

Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldı




















İcra Hakimiyyəti məlumat yaydı.

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov tutduğu vəzifədən azad edilib.

Bizimhedef.info xəbər verir ki, o, oğlunun avtoxuliqanlıq etməsi, polisə tabe olmamasından sonra vəzifəsini itirib.

Xatırladaq ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək onları övladlarını düzgün tərbiyə etməyə çağırıb. Prezident hətta bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə sərt xəbərdarlıq da edib. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.

“Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”, - deyə dövlət başçısı vurğulayıb.