Ağcabədidə icra başçısının 150 minlik vəzifə bazarlığı – ŞOK İDDİA

Ağcabədidə icra başçısının 150 minlik vəzifə bazarlığı – ŞOK İDDİA

















Ağcabədi rayonunda məmur özbaşınalıqları və qanunsuzluqlar haqda dəfələrlə yazmışıq. Həmin məlumatlarda da gün kimi aydın görünür ki, bəli, adı çəkilən rayonda vəzifəyə irəli çəkilmək elə də müşkil məsələ deyil

Bu rayonun idarəçilik sistemində yalnız bir amil rol oynayır, o da puldur. Necə ki, icra başçısı Şahin Məmmədov başçılıq etdiyi Ağcabədi rayonunda «ver gülüm, al gülüm» prinsipi ilə özünə xüsusi idarəçilik sistemi qurub. Elə bundan irəli gələrək də hər şey açıq şəkildə həyata keçirir. Deməli bu rayonda pulu olan və özünə vəzifə arzulayan hər kəs icra başçısının qapısını ürəklə döyə bilər.
Ağcabədidən etibarlığına şübhə etmədiyimiz mənbə redaksiyamıza bildirir ki, Şahin Məmmədovun apardığı «kadr siyasəti» ı yalnız və yalnız öz yaxın qohum əqrabalarını irəli çəkərək onlara yüksək vəzifə verməkdən ibarətdir. İcra başçısının rayonda əsas strateji vəzifələrə təyin etdiyi «kadrları»nın əksəriyyəti Bərdəli qohumlarıdı. (Növbəti yazılarımızda oxuyacaqsınız ki, Ş. Məmmədovun yaxın qohumları kimlərdi və onları hansı vəzifəyə, necə təyin ediliblər.) İcra başçısının rayonda düzgün kadr siyasəti aparmaması və rayonda ayrı seçkilik yaratması bir sıra ziyalılar və ağsaqqallar arasında da narazılıq yaradıb. Haqlıdılar, Ağcabədi rayonunda kifayət qədər ziyalı və idarəçilik bacarığı olan şəxslərin olduğu halda icra başçısı bütün sahələrə öz yaxınlarını və qohum əqrabalarını təyin etməsi və etdirməsi heç cür təcüb doğurmaya bilməz!
İcra başçısının əhali arasında bu dəfə ki, narazılıq doğuran «kadr siyasəti» isə Ağcabədinin Maliyyə İdarəsinə öz qohumu Vidadi Kərimovun gətirmək istəyidir. İcra başçısı hər vəchlə çaılışır ki, V. Kərimovu maliyyə idarəsinə müdir təyin etdirə bilsin. Ağcabədi maliyyəsində yetərincə, bacarıqlı və təcrübəli kadrların olduğunu bildirən qaynağımız, onu da iddia edir ki, icra başçısının bu addımı adı çəkilən idarədə işçilər arasında da narazılıq oyadıb. Baş verənlər haqda redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, artıq icra başçısı V. Kərimovun maliyyə idarəsinə rəis təyin edilməsi üçün Maliyyə Nazirliyinə təqdimatda göndərib. Hətta icra başçısı Şahin Məmmədov Vidadi Kərimovu maliyyə idarəsinə rəis təyin etdirmək üçün Samir Şərifovun qəbulunda da olub. İddia edilir ki, icra başçısı ilə nazirin uzun çəkən «haq-hesabından» sonra razılığa gəlinib.
Bu gün isə Vidadi Kərimov Ağcabədi maliyyəsinə müdir təyinatına Maliyyə Nazirliyindən müsbət cavab almaq üçün alması üçün 150 min manat pul axtarır. Mənbəmiz onu da bildirir ki, Vidadi Kərimov bu qədərini də icra başçısına verib. İndi qalan tək nazirin payıdır, onu da tapıb toplayandan sonra arzusu reallaşacaq. O, Ağcabədi maliyyə idarəsinə rəis göndəriləcək!
Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin!