MC Murad: Miri Yusif mahnılarımı oğurlayıb sevildi – VİDEO

MC Murad: Miri Yusif mahnılarımı oğurlayıb sevildi – VİDEO




















“Əlinə düşən hər fürsətdə haqqımı danıb, yaradıcılığımı mənimsəyib”

Türkiyəli müğənni Funda Ararla həmyerlimiz Miri Yusif qalmaqalında adı hallanan bəstəkar MC Murad yeni açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, Fundanın səsləndirdiyi “Bağışla” adlı mahnını M.Yusif ona aid olduğunu və icazəsiz səsləndirdiyini iddia etmişdi.

Qarşı tərəf isə ona cavab olaraq, bəstənin əsl müəllifinin MC Murad olduğunu və icazə aldıqlarını bildirmişdi.

MC Murad M.Yusifi oğurluqda günahlandırıb:

“Mən Azərbaycanda deyiləm, İstanbuldayam. Bura çalışmaq üçün gəlmişəm. Ötən həftə Miri Yusif sosial şəbəkələrdə mənim “Bağışla” mahnımla bağlı bir xəbər yaydı. Bir çoxlarına məlum deyil, o, solo karyeraya başlayandan ifa etdiyi və onu tanıdıb, sevdirən mahnılarının müəllifi mənəm.

Bu siyahıda “Soruş”, “Etiraf”, “Səndən olmaz”, “Yoxam mən”, “Mən heç kiməm”, “İki doğma insan”, “Bağışla” və bir çoxları var. Bilirəm ki, bəzi mahnıların müəllifi kimi özünü qeyd edib. Əlinə düşən hər fürsətdə haqqımı danıb, yaradıcılığımı mənimsəyib. Onun ətrafındakı insanlar da bilir ki, dəfələrlə münasibətlərimiz pozulub. Hər dəfə də səbəb onun mənə qarşı etdiyi ədalətsizlik olub.

İlk dəfə mahnımı oğurlayıb, öz adına çıxıb, müəllif kimi adımı dananda, haqqımı ödəməyəndə informasiya agentliklərinə qaçmadım. Bilirdim ki, Miri Yusif qədər izləyicim yoxdur. Bu isə reklam xarakterli kimi görünə bilərdi. İlahi ədalətə güvənib, yaradıcılığımla məşğul oldum. “Leyli və Məcnun” müziklını yazdım.

Bu Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutdu. Heydər Əliyev Fondu ilə çalışıram. İstanbuldayam və ölkəmi təmsil edirəm. Miri Yusif və onun komandası çalışır ki, mənim qazandığım uğurlara xələl gətirsin”.

MC Murad müğənniyə müraciət də ünvanlayıb:

“Miri Yusifə üzümü tutub deyirəm:

“Əgər bu mahnıları həqiqətən özü yazıbsa, çıxsın xalq qarşısında sübut etsin. Mənim əlimdə yazdığım hər mahnının faktı var. 15 yaşımdan musiqi ilə məşğulam. 13 yaşımda anamı, 17 yaşımda isə atamı itirdim. Ailəmə baxıram. Öz zəhmətkeşliyimlə və istedadımla qazanmışam. Heç kimin haqqına girməmişəm. Xalqın gözü tərəzidir, düzü əyridən seçməyi bacarıb”.