» » Ermənistanı tərk edənlər bundan sonra...

Ermənistanı tərk edənlər bundan sonra...

  • 20-09-2015, 15:10
  • gundem
  • 582
Ermənistanı tərk edənlər bundan sonra...

Hakimiyyətin təzyiqlərindən yaxa qurtarmaq üçün ölkəmizə üz tutan Ermənistan vətəndaşları çoxalır

Gələcəyi olmayan ölkə kimi tanınan Ermənistandan hələ də əhalinin böyük köçü davam edir. Aparılan tədqiqatlar göstərir ki, Ermənistan əhalisinin az qala yarıdan çoxu ölkəni tərk etmək istəyir. Elə bu səbəbdəndir ki, imkan yaranan kimi ölkəni tərk edənlərin sayı artır. Ümumiyyətlə, ölkədən insan axını fəlakətli miqyas alıb və yaxın tezlikdə vəziyyətin dəyişməsi gözlənilmir. Vətəndaşlar arasında miqrasiyanın belə geniş vüsət alması sosial problemlərin dərinləşməsi, eləcə də demokratiyanın yoxluğu və insan haqlarının qorunmaması səbəbindən yaranır.
Buna görə nicatını başqa ölkələrə sığınmaqda görən ermənilərin sayının bundan sonra hələ çox olacağı proqnozlaşdırılır. Ermənilərin xilas üçün sığındığı ölkələr arasında Azərbaycan da var. Bunun daha bir təsdiqi Ermənistan "Milli Azadlıq Hərəkatı"nın lideri Vaqan Martirosyandır. Artıq ölkəmizə sığınan erməni fəal ölkəsindəki hüquq pozuntularından can qurtarmaq üçün xilas yolunu Azərbaycana üz tutmaqda görüb. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə Ermənistanın dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb. O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib. Azərbaycan onun istəyinə müsbət cavab verib. Onu da bildirək ki, Martirosyan Ermənistanda çox sayda tərəfdarının olduğunu deyir.
Digər maraqlı məqam ondan ibarətdir ki, bu şəxs Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan hakimiyyətini işğalçı sayır və Qarabağın Azərbaycan torpağı olmasını dəfələrlə bəyan edib. Onun dediyinə görə, Ermənistanda bu cür düşünən insanlar çoxdur. Sadəcə, hakimiyyət belə adamları çox incidir və onlara qarşı müxtəlif repressiv metodlar tətbiq edir.
Sığınacaq üçün Azərbaycana üz tutan ermənilərin sayının bundan sonra da artması istisna olunmur. Xatırladaq ki, cari ilin martında Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. O, təslim olmasının səbəblərini belə açıqlayıb: "22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram. Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil. Mən erməni hakimiyyətinin çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var.
Amma açığını deyim ki, burda onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim ki, orada qalıb ölüm saatımı gözləməkdənsə, könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burda məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər. Bir də buradan əlində məcbur silah tutan yoldaşlarıma səslənib demək istəyirəm ki, azərbaycanlılar heç də o, cinayətkar hakimiyyətin illərdir bizim beynimizə yeritdikləri kimi deyillər. Nə qədər ki, gec deyil, siz də mənim kimi edin".
Daha əvvəl isə eyni motivlərlə Ermənistan ordusunun əsgərləri Karen Arutunyan, Ohan Arutunyan, Qevorq Tomasyan, Qrant Markosyan, Rafik Tevosyan və Vardan Sarkisyan könüllü olaraq Azərbaycan ordusuna təslim olmuşdurlar. Onlar xidmət etdikləri zaman dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qaldıqları üçün Ermənistana geri dönmək istəmədiklərini də etiarf etmişdilər.
Mülki erməni vətəndaşları da sığınmaq üçün Azərbaycana üz tuturlar. Məsələn, Yeqişe Gevorkyan və onun ailəsi Ermənistandan qaçaraq Azərbaycan tərəfinə keçiblər. Ailənin başçısı Y.Qevorkyan Azərbaycan ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə sərhəddən erməni hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdi. Y.Qevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün, yəni, 2010-cu il yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdılar. Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət, onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar vermişdilər. Hazırda onların Ermənistanda məhkəməsi keçrilir və bu şəxslər müxtəlif təzyiqlərə məruz qalırlar.
Dözülməz şərait üzündən Ermənistanı tərk edənlərin bundan sonra da çox olacağı və onların digər ölkələrlə yanaşı, Azərbaycana da üz tutması gözlənilir.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət