» » Eldar Mahmudov haqda yeni ŞOK FAKTLAR - İş adamı danışır...

Eldar Mahmudov haqda yeni ŞOK FAKTLAR - İş adamı danışır...

Eldar Mahmudov haqda yeni ŞOK FAKTLAR - İş adamı danışır...













Yəqin ki, Nəsimi Sadıqovun adını eşitməmiş olmazsınız. MTN-nin məşhur tikinti sektoruyla bağlı skandalları ilə bağlı yazılarda adı tez-tez gözümüzə dəyən bu adamı, qiyabi də olsa, Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bəzi sənədlərə əsaslanaraq, onun barəsində bir neçə yazını da bu sətirlərin müəllifi qələmə alıb.

Yazıların üzərində işləyərkən, tanış olduğum bir çox mürəkkəb işgüzarlıq münasibətləri içərisində itib-batmış, məsələləri aydınlaşdırmaq üçün Nəsimi Sadıqovla əlaqə saxlamağa çalışmışdım. Məni xüsusilə bir çox dövlət orqanlarına müraciətlərdən sonra bu iş adamının taleyi maraqlandırırdı. Çünki müraciətində açıq-aşkar ölümlə təhdid olunduğunu bildirir və vətəndaşlarının təhlükəsizliyindən məsuliyyət daşıyan dövlət qurumlarından imdad diləyirdi. Zənnimcə, onun bu imdadına haray verən tapılmalıydı. Açığını desəm, buna çox əmin idim. Amma yenə də bu etirafı onun dilindən eşitmək istəyirdim. Əldə etdiyim əlaqə telefonlarına isə zəng çatmırdı. Yazımda bu nigarançılığımı da dilə gətirmişdim.

Özünün etirafına görə, Nəsimi Sadıqov da bu yazını oxuduqdan sonra məni axtarıb tapdı. Hazırda oxuduğunuz bu müsahibə də indiyə qədər qiyabi tanıdığım iş adamıyla ilk tanışlıq söhbətindən doğdu.

Qarşılaşdığı haqsızlıqların üzərinə cəsarətlə getməyi bacaran Nəsimi Sadıqov ilk söhbətimizdə də, kifayət qədər sensasiyalı (ən azı, mənim üçün) açıqlamalar verdi. Amma cəsarətli etiraflara baxmayaraq, deyəsən, o da çəkinirdi. Bunu şəkilini çəkmək istəyimi qəti şəkildə rədd etməsindən anladım. Təhlükəsizliyini nəzərə alıb mən də çox israr etmədim. Zatən, ictimaiyyət üçün də gənc yaşda saçları ağarmış bu adamın fotosu yox, deyəyəcəkləri önəmliydi.

Nəsimi Sadıqovla müsahibəni oxucuların diqqətinə çatdırırıq:


Eldar Mahmudov haqda yeni ŞOK FAKTLAR - İş adamı danışır...









– Nəsimi bəy, təhlükəsizliyinizlə bağlı ən yüksək dövlət qurumlarına müraciət edibsiniz. Yəqin ki, bu müraciətinizdən sonra lazımi proflaktik tədbirlər görülüb…

-Qətiyyən. İndiyədək müraciətlərimə adekvat cavab verilməyib. Əksinə, Baş Prokurorluqdan aldığım cavab mənim haqqım uğrunda mübarizə ümidlərimi baltalayır. Baxın, mənə göndərilən cavaba. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Aynur Osmanovanın imzaladığı cavab məktubunda deyilir: “Həmin Məcəllənin (Azərbaycan Respulikası Mülki-Prosessual Məcəlləsi nəzərdə tutulur) 50.2 və 306.3-cü maddələrinin tələblərinə görə, prokurorun mülki mühakimə icraatında iştirakı yalnız dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu təqdirdə dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırdığı, yaxud xüsusi icraat qaydasında ərizə verdiyi hallarda mümkündür”. Demək istəyir ki, “sənin işin mülki məsələdir” və mənə məhkəməyə müraciət etməyi məsləhət görür. Halbuki, mənim qarşılaşdığım problemlər arasında möhtəkirlik, iş adamına külli miqdarda zərər vurmaq, hədə-qorxuyla onun əmlakını ələ keçirmək, ölümlə təhdid, ölkənin iqtisadi strategiyasına qəsd və sabotaj, dövlət adamlarının adından istifadə edərək dələduzluq, vergidənyayınma və sairə kimi ağır cinayət əməlləri hesab olunan motivlər var. Və bu motivlər birbaşa dövlət mənafeyi ilə əlaqədardır.






Eldar Mahmudov haqda yeni ŞOK FAKTLAR - İş adamı danışır...











Bilirsiniz ki, bu gün Azərbaycan iqtisadi böhranla üz-üzədir. Ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının dəfələrlə müşavirələrdə qeyd etdiyi kimi, bunun başlıca səbəbi bəzi məmurların özbaşınalıqları və qeyri-neft sektorunun inkişafında yaradılan süni əngəllərdir. Mənim də investisiya yatırdığım sahələr qeyri-neft sektoru ilə bağlıdır. İndiyə qədər 5 müxtəlif şirkət yaratmışam. Bu şirkətlər arasında tikinti sektoruyla yanaşı, kənd təsərrüfatı məhsulları yetişdirən, sintetik sənaye malları istehsal edən müəssisələr var. Hər bir sahədə onlarla adam işləyir, evlərinə çörək pulu aparır. Tək tikinti sektorunda dövlətə 700 min manat, o dövrün məzənnəsiylə 1 milyon dollara yaxın vergi vermişəm. Ölkənin müxtəlif rayonlarına milyonlarla dollarlıq investisiya qoymuşam. Müəssisəmin biri Qubada, bir başqası Tərtərdə, digərləri isə isə Sumqayıtda və Bakıda yerləşir. Münbit investisiya mühiti olsaydı, digər rayonlarda da fərqli müəssisələr yaradar, xarici iş adamlarını bu sahələrə cəlb edər, onlarla birgə müştərək layihələr həyata keçirərdim. Ən azı ona görə ki, bu, mənim iqtisadi maraqlarıma da uyğundur. Amma mənə elə göz dağı veriblər ki, bütün hər şeyi buraxıb ölkəni tərk etmək istəyirəm. Prokurorluq isə hesab edir ki, mənim məsələm mülki məsələdir…

– Maraqlıdır, istənilən ölkənin milli təhlükəsizliyinin bir nömrəli vəzifəsi iqtisadi stabillik yaratmaqdır. Ölkənin müdafiə strategiyası belə, bu missiyadan sonra gəlir. Sizin və bir çox iş adamlarının sözlərinizdən isə belə başa anlaşılır ki, Milli Təhlükəsizlik Nazirliyinin “əlaltıları” ilk növbədə iqtisadi stabilliyi hədəfə alıblar. Amma nədənsə, bu şikayətlərlə bağlı hər hansı tədbir görülmür. İndiyə qədər cəmiyyətimizin yeganə təsəlli bu idi ki, yuxarıların aşağıdan xəbəri yoxdur. Siz müraciətinizdə yaşadıqlarınızı açıq-aydın yazıb, hökuməti məlumatlandırıbsınızmı?

– Əlbəttə. Mən həmin müraciətləri ictimailəşdirmişəm də. Nə yazıq ki, dövlətin rəhbərliyi ilə xalq arasında bir çox məmurlar keçilməz sədlər yaradıblar. İş adamlarının başına gətirilən müsibətlər ölkə rəhbərliyinə ya ümumiyyətlə, ya da düzgün çatdırılmır. Nəticədə möhtərəm Prezidentimizin həyata keçirməyə çalışdığı islahatlar da bu sədlərə ilişib qalır. Müraciətlərimin kütləvi informasiya vasitələrində dərc etdirməyimin başlıca səbəbi həmin sədləri aşmaqdır. Elə bilirəm ki, axırda bu məqsədimə nail olacağam. Bir gün dövlətin çöküşünü hazırlayan bütün məmurlar öz layiqli cəzalarını alacaqlar. Mən bu ümidimi itirməmişəm. Dövlətə və onun legitim hakimiyyətinə bəslədiyim bu ümidlərə görə də YAP-ın üzvüyəm. Bir neçə məmurun özbaşınalığına görə dövlətdən inciməzlər. Bəzi adamlar mənə deyir ki, niyə problemimi beynəlxalq məhkəmələrə daşımıram? Axı, kimdən kimə şikayət edim? Bir ovuc məmurun özbaşınalığı üçün niyə ölkəmin mənfi imicini yaradılmasına xidmət göstərim, özgə dəyirmanına su töküm? Axı dövlətin imicinin korlanmasının zərbəsi ən çox xaricdə yaşayan vətəndaşlarımıza, xüsusilə də iş adamlarımıza dəyir. Mən xaricdə işgüzar fəaliyyətlə məşğul olan şəxs kimi bunun çox acılarını yaşamışam. Ona görə də hər zaman “ev bizim, sirr bizim” prinsipinə əhəmiyyət vermişəm. Öz ağrılarımızı özümüz müzakirə etməli və dərdinə çarə tapmalıyıq.

İnvestisiya qoymaq istədiyim sahələrdən biri də diasporumuzu maarifləndirən və Azərbaycanın gözəlliklərini xaricdə tanıdan kütləvi informasiya vasitəsi idi. Rus, ingilis və türk dillərində yayımlanan “Azərbaycanın səsi” adlı xəbər və tanıtım portalı qurmaq ən böyük arzularımdan olub. Hətta onun özü-özünü maliyyələşdirməsi üçün müəyyən layihələrim vardı. Zənnimcə, bunu yarada bilsəydim, ölkəmizin füsunkar təbiətini, mədəniyyətini, iqtisadi potensialını, ümumiyyətlə, bütün müsbət tərəflərini əcnəbilərə təbliğ etməklə turizmin inkişafına və investorların Azərbaycana cəlb olunmasına mən də bir xeyir vermiş olacaqdım. Təəssüf ki, investisiya mühitinin indiki vəziyyəti mənim kimi bir çox iş adamına bu hədəflərini reallaşdırmağa imkan vermir.

– Yaşadığınız problemlərlə bağlı kimlərə müraciət etmisiniz?

– Kimə etməmişəm ki? Cənab Prezidentdən tutmuş Vergilər nazirinə, Baş prokurora qədər bütün dövlət rəhbərlərinə müraciət etmişəm. Amma onların ətrafında elə bir sədd yaradılıb ki, vətəndaşların harayı yuxarılara çatmır. Bununla bağlı sizə bir fakt danışım.

– Buyurun.

-Yəqin, mətbuatdan bilirsiniz ki, mən “Akula Akif”in “sağ əli” Aydəm İsmayılovun qanunsuz tələblərini yerinə yetirmədiyimə görə, o, sənədləri saxtalaşdıraraq, guya, “Eurotikinti” MTK-ın payçılarının ümumi yığıncağını keçirərək məni tutduğum vəzifədən uzaqlaşdırıb. Bununla bağlı saxta protokol imzalayaraq, Vergilər Nazirliyinə müraciət edib. Maraqlıdır ki, Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyat İdarəsi qeyri-qanuni olaraq bu protokolu qəbul edib. Onun əsasında Aydəm İsmayılova möhür üçün çıxarış verilib. Çıxarış mətbəəyə təqdim edilib, möhür düzəldilib. 2016-cı ildə verilmiş həmin möhürlə guya 2014-cü ildə keçirilmiş iclasın protokolu imzalanıb, həmin sənəd yenidən nazirliyə verilib. Nazirlik də onu qəbul edib. Baxın, hələ bu sənədə. Protokolun yazılma tarixində 24 Noyabr 2014-cü il göstərilir. Ona vurulmuş bu möhür isə 2016-cı ilə aiddir. Halbuki, nazirliyin əməkdaşları bu sənədi nöqtə-vergülünə qədər araşdırıb qəbul etməlidir. Hətta öz gözlərinə belə inanmayıb, şirkətin sədr dəyişikliyinin notariusda təsdiqini istəməliydi. Bunlar isə heç bir qayda-qanuna məhəl qoymayıblar.

Eldar Mahmudov haqda yeni ŞOK FAKTLAR - İş adamı danışır...














Mən bundan şikayət edərkən, Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyat İdarəsində qəribə bir faktla qarşılaşdım. İdarədə sənədləri qəbuluna baxan xeyli işçi var. Amma nədənsə, şirkətimizlə bağlı bütün məsələlərdə həm mənim, həm də Aydəm İsmayılovun qarşısına eyni məmur çıxıb – Lalə Hüseynova. Aydəmin şirkəti mənimsəmək üçün Vergilər Naziriliyinə verdiyi sənədi də bu xanım qəbul edib. Ona möhür almaq üçün icazə verən yenə həmin xanımdır. Guya, 2014-cı ildə yazılan və 2016-cı ilin möhürü vurulan sənədi də eyni xanım qəbul edib. Nəhayət, mən bundan xəbər tutub nazirliyə müraciət edəndə də qarşıma Lalə Hüseynova çıxdı. Qanuni sənədlərimi qəbul etməyən də o idi. Həmin gün bu xanımla ciddi mübahisəmiz oldu. Üzərindən az keçməmiş, Aydəm İsmayılov idarəyə gəldi. Birbaşa idarə rəisinin yanına girdi. Bir az keçdikdən sonra Lalə Hüseynovanı da rəisin otağına çağırdılar. O, getdikdən sonra rəisin kabinetindən çıxan Aydəm mənə yaxınlaşdı. “Narahat olma, hər şey yaxşı olacaq” – deyib, çıxıb getdi. Bir az sonra rəisin yanından qayıdan xanım məmur mənim sənədlərimi qəbul etməkdən qəti şəkildə boyun qaçırdı. Məcbur qalıb Vergilər Nazirliyinin “Qaynar xətt”inə – 195-ə zəng elədim. Şikayətimi çatdırınca, məni başqa bir işçiyə yönləndirdilər. Halbuki, mən də əvvəldən başqa bir işçinin sənədlərlə maraqlanmasını tələb edirdim, amma tələbim yerinə yetirilmirdi. Yönləndirildiyim yeni məmur çox mədəni şəkildə sənədlərimi qəbul etdi və idarə adından məndən üzr istədi. Təsəvvür edirsinizmi, həmin idarədə onlarla işçi var və müraciət edənləri guya komputerdəki sıraya görə hansısa məmura yönləndirirlər. Bizim şirkətlə bağlı həm mənim, həm Aydəmin dəfələrlə müraciətlərimizə isə nədənsə həmişə eyni adam baxıb. Bu qədər təsadüf ola bilərmi?

Daha sonra mən işlərimlə bağlı nazirliyin Daxili Təhlükəsizlik İdarəsinə müraciət etdim. İdarədən aldığım məlumata görə, həm Aydəmin tədim etdiyi saxta sənədlər, həm də mənim 195-yə zəngim kompyuterin yaddaşından silinib. Halbuki, məndə Aydəmə nazirlikdən verilən sənədlər var. Mən özümün 195-ə zəng etdiyimi də yaxşı xatırlayıram. Bütün bunlar Vergilər Nazirliyində saxtalaşdırmaların hansı səviyyədə olduğunu göstərir.

– Bəs, deyirdiniz, yuxarıların aşağıda baş verənlərdən xəbəri olmur? Sənədləri bu səviyyədə saxtalaşdırmaq yalnız hansısa bir idarənin və ya şöbənin işi ola bilməz. Xüsusilə də adını çəkdiyiniz xanımın. Kim bilir, bəlkə elə sizə müsbət cavab verən həmin Daxili Təhlükəsizlik idarəsinin əliylə bu faktlar silinib?

– Yox, mən elə düşünmürəm. Əgər nazirliyin rəhbər orqanları saxtalaşdırmaqda maraqlı olsaydılar, 195-ə zəngimdən sonra da sənədlərimi qəbul etməz, eynilə Daxili Təhlükəsizlik İdarəsi mənə həqiqəti bildirməzdi. Bu faktlar saxtalaşdırmaların nazirliyin yüksək səlahiyyətli şəxslərinin iradəsindən kənarda baş verdiyini göstərir. Amma həm də onu göstərir ki, aşağı postlarda əyləşən xırda məmurların əli xeyli uzundur…

– Nə isə… Sizi gözəl anlayıram və ona görə də yuxarıları “xaç suyuna salma” arqumentinizə inanmaq istəyirəm. Məni başqa bir məsələ maraqlandırır. Deyirsiniz ki, Aydəm 2014-cü il tarixli sənədi 2016-cı ilin möhürüylə imzalayıb. Baxıram, burdakı möhürə. Onun üzərində 2016-cı il yazılmayıb. Möhürün nə vaxt verildiyini necə müəyyənləşdirmək olar?

– Hüquq-mühafizə orqanları möhür düzəldilən yerə sorğu verib rahatlıqla bunu müəyyənləşdirə bilərlər.

– Bəs, siz sorğu vermisiniz?

– Yox, mənim o səlahiyyətim yoxdur, axı. Mən bildiyim faktı deyirəm. Hüquq-mühafizə orqanları araşdırsın. Bununla bağlı mən Baş Prokurorluğa rəsmən müraciət etmişəm. Onlar isə sənəd saxtakarlığını mülki iş hesab edirlər. Bundan başqa, Aydəm İsmayılovun Vergilər Nazirliyinə təqdim etdiyi bu sənədə diqqət yetirin. Şirkətin adı necə yazılıb?

-“EVRO-TİKİNTİ” Mənzil Kooperativi…

-Bəli. Halbuki, şirkətin adı “EURO-TİKİNTİ”-dir. Yəni ikinci hərfi “v” yox, “u”-dur. Bu adam rəhbərliyinə iddia etdiyi şirkətin adını belə, düzgün yazmayıb. Vergilər Nazirliyi isə onun protokolunu qəbul edib. Həmin protokolda qeyd olunur ki, guya, üzvlərin ümumi yığıncağını Ələmdar Rüstəmov aparıb. Bu da həmin Ələmdar Rüstəmovun yazdığı ərizə. Ərizədə qeyd olunur: “Yazaraq bildirirəm ki, “EURO-TİKİNTİ” MTK-nın sədrinin dəyişdirilməsi ilə bağlı 24 Noyabr 2014-cü il tarixində keçirilən Üzvlərin Ümumi Yığıncağına çağrılmamışam, iclasda iştirak etməmişəm və həmin protokola isə mənə, təxminən, 2016-cı ilin mayında İsmayılovun işçisi Həsən (Həsən Aydəmin mühasibidir) adlı şəxs gətirib qol çəkdirib”. İclasda iştirak etdiyi iddia olunan digər şəxs Tural Rüstəmovdur. O da guya iclasın katibi olub. Gəlin, indi onun ərizəsini oxuyaq: “İclasda iştirak etməmişəm və Protokola imza atmamışam. Mənim imzamı İsmayılov Aydəm İsmayıl oğlu saxtalaşdırıb”. Sizcə, bu, sənəd saxtakarlığı deyil? Prokurorluq isə hesab edir ki, mənim mülkiyyətimi ələ keçirməyə hesablanmış bu saxtakarlıq mülki məsələdir. Mən bu sənəd saxtakarlığının qarşısını almaq üçün üzvlərin ümumi yığıncağını keçirmək qərarına gəldim. Aydəm İsmayılov 5 dəfə bizim çağırışımıza gəlmədi. Məcbur qalıb onun iştirakı olmadan, 14 oktyabr 2016-cı ildə iclas keçirdik. Bizim üzvlərimiz 5 nəfərdən ibarətdir. İclasda üzvlərdən 4-ü iştirak etdiyi üçün yetərsay var idi. İclasın qərarıyla Aydəm İsmayılovun qeyri-qanuni sədrliyinə xitam verildi və mənim sədrliyim yenidən bərpa olundu…

– Nəsimi bəy, iddianıza görə, Aydəm İsmayılov MTN naziri Eldar Mahmudovun “sağ əli” “Akula Akif”in adamıdır. Qəribədir ki, sənəd saxtakarlıqları MTN rəhbərliyinin cəzalandırılmasından sonrakı tarixə təsadüf edir. Bu, paradoksal deyilmi? Adam özünün ən zəif zamanında sənəd saxtakarlığına gedir və məsuliyyətini daha da artırır. Halbuki, o da dostu Akif Mustafayev kimi qaça bilərdi. Asanı qoyub niyə çətinin dalınca düşür?

– Sənəd saxtakarlığına əl atmasının iki başlıca səbəbi vardı. Əvvəla, o, əvvəllər yol verdiyi qanunsuzluqları ört-basdır etməliydi. Mətbuata açıqlamlarımda dəfələrlə qeyd etdiyim kimi, o, mənimlə özünün dediyinə görə, Prezident Aparatının iki məsul şəxsinin adından danışmış və inşa etdiyim binanın 30%-ni mənimsəmişdi. Heç bir pul yatırmadan sahib olduğu həmin payı kiməsə satılmış kimi göstərməliydi. İkinci səbəb isə mülkiyyətimi tamamilə zəbt etmək idi. Yalnız bu zaman özünü hüquqi məsuliyyətdən sığortalaya biləcəyini düşünürdü.

Maraqlıdır ki, bu adam tələsdiyinə görə, başqalarının adına saxtalaşdırdığı sənədlərdə də diqqətsizliklərə yol verib. Məsələn, 09 avqust 2016-cı il tarixındə Miriyev Kamran Hüseyn Ağa oğluna verdiyi maliyyə arayışında özünü “Euro TİKİNTİ” MTK-nın direktoru kimi göstərir. Halbuki, bizim şirkətin direktoru yoxdur, sədri var. “Sənəd”də həmçinin “binanın 1-ci mərtəbəsində 42.6 kv.m qeyri-yaşayış sahəsi”ndən söhbət gedir. Həmin müştəriyə satdığı yerin sahəsi isə 36 kv. m-dir.

Yaxud Azərbaycan Konstitusiyasına görə, xarici valyuta ilə satış qəti qadağandır. O isə Miriyev Kamranla bağladığı müqavilədə həmin yeri 96 min 789 dollara satdığını bildirir. Bu da mülki məsələdir?

Onu da keçək. Satdığı bu yerlərlə əlaqədar vergi də verməyib. Vergilər Nazirliyi isə bu vergidənyayınmayla qətiyyən maraqlanmayıb. Prokurorluğun nümayəndəsi Aynur xanım isə mənim şikayətimi mülki məsələ hesab edir və təmsil etdiyi qurumun yalnız dövlətin mənafeyi ilə bağlı şikayətlərə baxdığını bildirir. Başa düşmürəm, vergidən yayınmaq dövlətin mənafeyinə zidd deyil? Təkcə bu satışa görə, əlavə dəyər vergisini, gəlir vergisini hesablasaq, 17-20 min dollar dövlətə ziyan vurub. Səhv etmirəmsə, Cinayət Məcəlləsinə görə, 7 min manatdan yuxarı olan mənimsəmə faktları ağır cinayər sayılır.

Üstəlik, həmin yer qeyri-yaşayış obyektidir. Aydəm İsmayılovun bağladığı müqavilədə isə obyekt “mənzil” kimi göstərilir. Bu da digər bir sənəd saxtakarlığı.

Aydəm İsmayılov şirkəti ələ keçirdikdən sonra bina sakinlərindən kommunal xidmət pulları yığıb. Bunun da mühasibat uçotu tutulmayıb, vergisi verilməyib. Bu da mülki məsələdir?

O ki qaldı onunla “Akula Akif”in münasibətlərinə, bunu təsdiq edən sənədlər var. Biri budur – “ZAZ” Mənzil-tikinti kooperativinin Nizamnaməsi. Nizamnamədə kooperativin üzvlərinin adı verilir. 5 üzvündən biri İsmayılov Azər İsmayıl oğlu, digəri isə Mustafayev Akif İsmayıl oğludur. Azər Aydəmin qardaşıdır. Bir çox şirkətləri o, qardaşının adına yaradırdı. Mustafayev Akif isə indi hər kəsin “Akula Akif” kimi tanıdığı adamdır. Ümumiyyətlə, Akiflə Mustafayevin arasındakı münasibəti bilməyən yoxdur. Hüquq mühafizə orqanları bunu araşdırmaq istəsələr, Sahil metrosunun yanındakı “Arena” tikiş fabrikinin yerində tikilən binada yerləşən 101 nömrəli ofisə baş çəkə bilərlər. Hələ də o ikilinin aldatdığı adamlar oraya gəlib haqlarını tələb edirlər.

– Bəs, siz bütün bunları o zaman görmürdünüz? Niyə o adamla ortaqlıq edirdiniz?

– Mən iş adamıyam. Azərbaycanda da investisiya qoyub iş görmək istəyirdim. O vaxt isə belə məsələlərə bu qrup baxırdı. Təsəvvür edin ki, Aydəmin qəbuluna düşmək olmurdu. Böyük çətinliklə onunla danışmış və Heydər Əliyev prospektində bir bina tikməyə qərar vermişdik. Aydəm bu işə bir qəpik də pul qoymamışdı. Sadəcə, bütün hüquqi sənədləşdirmə işlərini boynuna götürmüşdü. Bunun üçünsə binanın 30%-nə şərik olmuşdu. Dediyinə görə, bu hissənin 20%-i Prezidentin Mühafizə xidmətinin bir generalına, 10%-ı isə Prezident Aparatının digər rəsmisinə çatacaqdı. Mən də məcbur olub bu şərtlə razılaşmışdım.

Daha sonra onun digər qanunsuz tələbləri başladı. Mənzillərin qeyri-qanuni olaraq başqalarının adına sənədləşdirməyimi istəyirdi. Bundan boyun qaçıranda isə ciddi təhdidlərlə qarşılaşdım. Məni MTN-nin zindanına salacaqları, ailəmin təhlükəsizliyi ilə təhdid edirdi. Ətrafımdakı insanlardan, mətbuatdan xəbər tuturdum ki, həqiqətən də iş adamlarının başına olmazın oyunlarını gətirirlər. Məni ən çox qorxudan isə həmin söhbətlərin birində qarşılaşdığım bir hadisə oldu.

Aydəm, mən və “Akula Akif” bir yerdə idik. Akif məndən soruşdu ki, sən bilirsənmi, mənimlə Aydəm şərikik? Bəli, – dedim. Qayıtdı ki, onun payına düşən sənədləri yaz, ver. Dedim, axı o heç nə eləməyib. Üzərinə götürdüyü öhdəliklərin birini də yerinə yetirməyib.

Akif məni təhdid etdi. Dedi ki, başın ağrımamış, sənədləri yaz. Yoxsa başınıza torba keçirib nəsillikcə sizi MTN-nin zindanında çürüdərik. Sonra məni MTN-ə çağıran nazirlik əməkdaşları da eyni qaydada təhdid etdilər. Mən də məcbur qaldım, tələb olunan mənzillərə maliyyə arayışı yazıb onlara verdim. Bunu qəsdən etdim ki, sabah hədə-qorxuyla buna məcbur olduğumu sübuta yetirəm. Çünki həmin sənədlərdən belə bir sual ortaya çıxırdı: Əgər həqiqətən də Aydəm şirkətin ortaqlarından biridirsə, özünə düşən paya niyə pul ödəyirdi? Tikinti şirkətlərində belə bir ənənə var. Payçının hissəsinə alqı-satqı müqaviləsi yazılmır. Aydəm isə öz adını zorla bizim şirkətin 30%-nə payçı yazdırmışdı. Payçıya düşən paya sadəcə “payçının payından” yazılıb təhvil verilir. Fikirləşirdim ki, sabah məqamı gələndə bu hissənin məndən zorla alındığını məlum olsun. Akif, mən və Aydəmlə həmin görüşümüzdə bir söhbətə qulaq yoldaşı oldum. Bəlkə də məni qorxuzmaq üçün bu cür danışırdılar. Akif mənimlə söhbətini bitirdikdən sonra Aydəm İsmayılov soruşdu ki, başa düşdün, dedim, bəli. Üzünü tutub “Akula Akif”ə dedi: “Bəs, nə oldu generalın məsələsi?” Əli Nağıyevi nəzərdə tuturdu… Akif də cavab verdi ki, "eşitməmisən, Cənaba dedim, işdən çıxartdılar". Aydəm də onunla razılaşmadı. Bildirdi ki, pulu verən adam Nağıyevin həbsini istəyir.

– Bir dəqiqə, başa düşmədim. Söhbət MTN-nin sabiq nazir müavini, indiki Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevdən gedir?

(ardı var)

Heydər Oğuz \\moderator.az\\

Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət