» » Mirdaməd Sadıqovdan sensasion etiraf: bağça işləmir, velosiped zavodu geriləyib - Fakt/Araşdırma...

Mirdaməd Sadıqovdan sensasion etiraf: bağça işləmir, velosiped zavodu geriləyib - Fakt/Araşdırma...

Mirdaməd Sadıqovdan sensasion etiraf: bağça işləmir, velosiped zavodu geriləyib - Fakt/Araşdırma...















2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun geniş məruzəsi böyük bir faktın üstünü açıb.

Daha doğrusu, İH başçısı özü məruzəsində aylardır mətbuatın yazdığı və özləri tərəfindən təkzib olunan məsələni nəhayət ki, etiraf edib.

Cahan.info-nun araşdırması zamanı İsmayıllı RİH-nin rəsmi saytında M.Sadıqovun məruzəsi ilə tanış olduq.

Olduqca geniş mətndən ibarət hesabatın içində altı qırmızı xətlə çiziləcək sətirlər var. http://ismayilli-ih.gov.az/page/26.html (tanış ola bilərsiniz)

İcra başçısı çıxışında qeyd edir ki, əvvəlki illərdə istifadəyə verilmiş bəzi obyektlərdən gözlənilən nəticə əldə edilməmişdir:

"Belə ki, 2014-cü ildə istifadəyə verilmiş 140 yerlik uşaq bağçası üçün maliyyələşmə açılmadığına görə bu günə qədər fəaliyyət göstərmir.

“Sİ ENERJİ” şirkətlər qrupuna daxil olan İsma-Bikes velosiped istehsalı zavodu ilin əvvəlində normal fəaliyyət göstərsə də, son iki ayda iş zəifləmişdir.

Digər obyektlərin də fasilələrlə işləməsi müşahidə olunur. Bu cür halların aradan qaldırılması üçün sahibkarlar, iş adamları və aidiyyəti təşkilatlar təsirli tədbirlər görməlidirlər".

Mətbuat davamlı olaraq, velosiped zavodunun bağlandığını, işləmədiyini, maliyyə yeyintilərinə görə bağçanın açılmadığını yazırdı.

İsmayıllı icra başçısı isə təkzib edərək hər şeyin qaydasında olduğunu qeyd edirdi. Amma 9 aylıq hesabat məruzəsində özü etiraf etməli olub.

Halbuki, prezident zavodun açılışında iştirak edib, dövlət başçısına velosiped istehsalının yüksək səviyyədə olduğu məlumat verilib. İndi M.Sadıqov prezidentə yalan məlumat verdiyini dolayısı ilə etiraf etməli olub.

Üstəlik, məruzədə adları açıqlanmayan digər obyektlərin də vəziyyətinin ürəkaçan olmadığı deyilib. Bəs, niyə icra başçısı rayonda sahibkarlığın inkişaf etdiyini bildirirdi? Nə üçün prezidentə səhv məlumatlar verilir?

Hətta zavoda RİH cavabdeh olmasa belə, icra başçısı niyə işlərin yaxşı getdiyini prezidentə deyərək əsl reallığı ondan gizlədirdi? Nəzərə almaq lazımdır ki, bu, M.Sadıqovun ölkə başçısından gizlətdiyi ilk fakt deyil.

Cahan.info yada salır ki, avqustun 25-də prezident İlham Əliyev İsmayıllının Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.

Ölkə başçısına məlumat verilib ki, yolun uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir.

Ancaq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən çəkilən yolun 9 yox, 6,3 kilometr olduğu elə video kadrlardan da görmək olur. Yeni çəkilən yol Bəhliyan kəndində başa çatır.

Layihədə isə Bilistan kəndinə qədər çəkilməsi nəzərdə tutulub və 9 kilometri əhatə edib. Həmin lövhədə Bilistan kəndinin adı da göstərilib.

Sakinlər video çıxışda dövlət başçısına müraciət edərək AAYDA rəhbəri Saleh Məmmədovun və İsmayıllı icra başçısı Mirdaməd Sadıqovun ona yalan məlumat verdiyini bildiriblər.

Təbii ki, yolu çəkən İsmayıllı RİH deyil, agentlikdir. Lakin M.Sadıqov rəhbəri olduğu rayonda S.Məmmədovun agentliyi tərəfindən yol verilmiş saxtakarlığa göz yummaya bilərdi.

Çünki prezident açılışda iştirak edərkən rayon rəhbəri də orada olur. Amma görünür ki, həm Bilistan camaatını yolsuz qoyublar, həm də ölkə rəhbərliyini aldatmaq istəyiblər.

Cahan.info bir daha icra başçısının məruzəsinə qayıdaraq, onun açıqladığı rəqəmlərə diqqət çəkməyi və ciddi maliyyə pozuntularına diqqət yetirməyi zəruri sayır.

M.Sadıqov hesabat çıxışında bildirir ki, 2018-ci ildə rayonun yerli gəlir və xərcləri 6 milyon 837 min manat təsdiq edilmişdir: "Yerli xərclərin dotasiyasız, yerli gəlirlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 4 milyon 989 min manata qarşı 5 milyon 602 min manat icra olunmuşdur. Büdcə gəlirləri nəzərdə tutulduğundan 613 min manat artıq, yəni 112 faiz icra olunmuşdur.

Yerli gəlirlərdən daxilolmalar üzrə ümumilikdə proqnoz göstəricilər artıqlaması ilə yerinə yetirilsə də fiziki şəxslərdən gəlir vergisi cəmi 68 faiz (430 min manat az), dövlət rüsumu 82 faiz, sair daxilolmalar 34 faiz yerinə yetirilmişdir.

Ölkə başçısı iclasda kölgə iqtisadiyyatının, qeyri-rəsmi əmək fəaliyyətinin aradan qaldırılmasını, şəffaflığın təmin olunmasını, vergidən yayınmanın qarşısının alınmasını çox vacib bir məsələ kimi qarşıya qoymuşdur. Qeyd etmişdir ki, həm iri, həm kiçik sahibkarlar vergidən yayınmaya son qoymalıdırlar.

Büdcə daxilolmalarının vacibliyini nəzərə alaraq 9 saylı Ərazi Vergilər İdarəsi və Maliyyə İdarəsi vəziyyəti bir daha ətraflı təhlil etməli, ilin sonuna kimi bütün mənbələr üzrə proqnoz göstəricilərin icrası üçün təsirli tədbirlər görməlidirlər".

Bəli, əvvəla büdcə gəlirləri nəzərdə tutulduğundan 613 min manat artıq, yəni 112 faiz icra olunmuşdur. İkincisi, icra başçısı 9 saylı Ərazi Vergilər İdarəsi və Maliyyə İdarəsini vəziyyəti bir daha ətraflı təhlil etməyə çağırır. Yəni, bir daha...

İcra başçısı onu da etiraf edib ki, rayonda uşaqların məktəbə hazırlığı sahəsində də problemlər yaşanmaqdadır. Məktəbəqədər yaşlı uşaqların sayı 5000 nəfərdən yuxarı olduğu halda, yalnız 415 nəfər uşaq bağçalara cəlb edilmişdir.

Rayonda cəmi 11 bağça fəaliyyət göstərir. Əksər yaşayış məntəqələrində uşaq bağçası-körpələr evi yoxdur.

İsmayıllı Humanitar Texnologiya Kolleci və Peşə Tədris Mərkəzi regionda tələb olunan sahələr üzrə orta-ixtisas və peşə təhsili mütəxəssislərinin yetişməsində əsaslı rol oynayır.

Hazırda kollecdə 12 ixtisas üzrə 590 nəfər tələbə, Peşə tədris mərkəzində isə 10 ixtisas üzrə 200 nəfər şagird təhsil alır.

Qeyd olunmalıdır ki, Kollecin özünün balansında bina yoxdur. Bu tədris müəssisəsi keçmiş uşaq xəstəxanasının istifadə olunmayan binasında fəaliyyət göstərir. Bəs hansı büdcə pulları, hanı dövlətin ayırdığı maliyyə, hansı inkişaf?

İcra başçısı rəsmən prezidentə səhv məlumatlar verdiyini açıqlayıb və özünü çətinə salıb. Qeyd edək ki, bir müddət öncə İsmayıllı rayonundan tanınmış iş adamı Vidadi İsgəndərov ölkə rəhbərliyinə video müraciət edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun onu aldadaraq müflis etdiyini bildirirdi.

Xatırladaq ki, ötən ayın 29-da İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov rayonda fəaliyyət göstərən sahibkarardan külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilərək həbs edilib.

Bu faktın özü İsmayıllı rayonunda rüşvət və korrupsiya faktının və həm də İcra Hakimiyyətinin başçısının rayona nəzarət edə bilməməsinin bariz nümunəsidir.

Bu ilin sentyabrında modern.az-a daxil olan məlumata görə, hazırkı hədəf İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur.

Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq İcra Hakimiyyətində audit yoxlamalarına başlayır.

Bəzi məlumatlara görə, məsələnin qəlizliyini anlayan, icra başçısı nöqsanları ört-basdır etmək üçün müxtəlif yollar axtarır. Məsələylə bağlı icra başçısı ilə əlaqə saxlamışdı.

O isə “anam rəhmətə gedib, indi yasdayam, mənə zaman verin” deyərək telefonu qapatdı. Növbəti günlərdə isə cənab başçı ilə bir daha danışmaq mümkün olmayıb.

Zaman istəyibsə, vəziyyət mürəkkəbdir. Hörmətli, Mirdaməd müəllimin məruzəsində açıqladığı faktlarla bağlı mövqeyini geniş şəkildə dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət