» » SİRAQƏDDİN CABBAROVUN SARAYINDAKI ZİDDİYYƏTLƏR DƏRİNLƏŞİR

SİRAQƏDDİN CABBAROVUN SARAYINDAKI ZİDDİYYƏTLƏR DƏRİNLƏŞİR

SİRAQƏDDİN CABBAROVUN SARAYINDAKI ZİDDİYYƏTLƏR DƏRİNLƏŞİR













SİRAQƏDDİN CABBAROVUN SARAYINDAKI ZİDDİYYƏTLƏR DƏRİNLƏŞİR - SAATLI İCRA HAKİMİYYƏTİNDƏ PREZİDENT SEÇKİLƏRİNƏDƏK MÜVƏQQƏTİ DONDURULMUŞ KONFLİKTLƏR YENİDƏN QIZIŞMAQDA

Saatlının icra başçısı cənab Siraqəddin Cabbarovun rayonun 14 yaşayış məntəqəsindən yuxarı instansiyalara şikayət edən vətəndaşları vərdişkar demaqogiyada suçladığı qeyri-etik hesabatı "Dərkənar" qəzetində ictimai qınağa tuş gətiriləndən sonra rayon icra hakimiyyətində saraydaxili ziddiyyətlər üzə çıxıb.
Xatırladaq ki, Saatlı RİH-nin internet saytında təqdim olunmuş həmin hesabatda rayonun sakinləri tərəfindən yuxarı instansiyalara edilən müraciətlərin təhlili verilmiş və belə nəticə ortaya çıxarılmışdır ki, məlum yaşayış məntəqələrindən ayrı-ayrı vətəndaşlar aramsız olaraq yuxarı orqanlara müraciət yazmağı vərdişə çevirmişlər.
Qəzet RİH başçısına sorğu məktubu göndərərək, bu mövzuda dərc etdiyi birinci məqaləyə münasibət bildirilməsini, həmçinin sözügedən yaşayış məntəqələrinin adlarının çəkilməsini xahiş etmiş və cavab almışdır: Saatlı şəhəri, Qaracalar, Qara Nuru, Mircəlalkənd, Əliabad, Qarayevkənd, Şirinbəyli, Soltanabad, Novruzlu, Sarıcalar, Çolpı, Qıraqlı, Mollavaizli, Azadkənd.
"Dərkənar" növbəti məqaləsində RİH-nin cavab məktubunda tənqidi fikirlərə irad bildirməməsini maraqlı detal hesab edərək altını cızmış və bunu rayon rəhbərliyinin həmin fikirlərlə (hesabatın qeyri-etik olması, başçının vətəndaşları vərdişkar demaqogiyada suçlaması) razılığı kimi dəyərləndirmişdi. Yazı müəllifi həmçinin, "Kənd təsərrüfatı sahəsində nailiyyətlərinə görə" təltif olunan Siraqəddin Cabbarovun deyil, keçən il rayon üzrə pambıqçılıq qərargahına uğurla rəhbərlik etmiş İlham Quliyevin (RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini) "Şöhrət" ordenini daha çox haqq etdiyi barədə subyektiv fikir yürütmüşdü.
Əldə etdiyimiz məlumata görə, bundan sonra S.Cabbarov qəzetə göndərilən cavab məktubunu tərtib edən digər müavinini - RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqovanı diqqətsizliyinə (qəzetə cavab məktubunda icra başçısına haqq qazandırmağa yönəlik bircə cümlə belə yazmadığına) görə danlamışdır. Bildirilir ki, icra başçısı tənqidi məqalələrin məhz İlham Quliyevin sifarişi əsasında yazıldığından şübhələndiyindən, onunla da münasibətləri soyumuşdur. Məlumata görə, Saatlı RİH-dəki bu saraydaxili çəkişmələr hakim partiya olan YAP-ın Saatlı rayon Təşkilatının sədrinin təşəbbüsü ilə Prezident seçkilərinədək dondurulubmuş. İndi isə gərginlik yenidən qızışmaqdadır ki, bu da yaxşı heç nə vəd etmir.
Doğrudur, Saatlıda bəzi vətəndaşların yuxarı instansiyalara ünvanladıqları müraciətlər özündə fərdi rifahlarının təmin olunması xahişini ehtiva edir. Amma rayonda həllini gözləyən elə ümumi problemlər var ki, aztəminatlı insanların hamısına mənfi təsir edir, onsuz da qeyri-qənaətbəxş olan maddi durumlarını daha da ağırlaşdırır. Məsələn, götürək elə rayonda notariusun olmamasını. Qonşu İmişli rayon Dövlət Notariat Kontorunun müdiri hər həftənin cümə günü Saatlıya ezam olunur ki, bu da yetərli deyil. Saatlı sakini notariat xidmətindən istifadə etməyə tələsərsə, nəqliyyat xərci çəkib ya İmişli, ya da Sabirabad rayonuna getməlidir. Razılaşın ki, Saatlı boyda bir rayonda notariusun olmaması tək Ədliyyə Nazirliyinin qayğısı sayılmamalı, bu problemə rayon rəhbərliyi də biganə qalmamalıydı. Həm də belə hallarda vətəndaşların həlli qeyri-müəyyən vaxtadək təxirə salınmış şəxsi problemləri də sərt şəkildə üzə çıxır. Misalçün, kasıb kəndlilərin istifadə etdikləri köhnə sovet avtomobillərinin ya texniki vəziyyətində, ya da sürücü sənədlərində naqisliklər olur. Onlar bazara-güzara yollananda yerli yol polisləri ilə birtəhər dil tapsalar da, həmin qüsurlarla vacib iş dalınca getdikləri qonşu rayonların ərazisinə keçən kimi "yad qaişniklər"in nişangahına çevrilirlər.
Adları çəkilən kəndlərin problemli sakinləri isə rayon rəhbərinin belə münasibətindən hiddətlənmişlər. Ünsiyyətdə olduğumuz Soltanabad kənd sakini "İcra başçısının artan "Şöhrət"i və azalan etikası" sərlövhəli məqaləmizin dərc olunduğu qəzetimizin başqa səhifəsində Mətbuat Şurası sədrinin şəklinin getdiyini görəndə ümidsizcə başını yellədi: "Sədriniz bizim rayonun deputatıdır. Onsuz da çox yaza bilməyəcəksiniz, onun əli ilə sizi də susduracaqlar". Həmin vətəndaş öz dərdini daha geniş auditoriyaya malik hesab etdiyi TuranTV internet kanalına söyləyəcəyini bildirdi. Söhbətdə iştirak edən digər Saatlı sakini isə həmyerlisindən fərqli fikir söylədi: "Amaşovluq iş yoxdur. O da "yuxarı"dan aldığı tapşırıq üzrə hərəkət edir. Məsələ burasındadır ki, keçən ilin sonuna qədər bizim rayonun məmurlarını jurnalistlərin tənqidindən qoruyan şəxs keçmiş polis rəsimiz Cəbrayıl Vəliyev olub. Dekabr ayında nazirin əmri ilə Salyan polisinə rəhbər vəzifəyə göndərilən Cəbrayıl müəllim prezidentin köməkçisi Əli Həsənovun qaynıdır. Bizim məmurlar indinin özündə də onunla dostluq edirlər..."
Yeri gəlmişkən, Saatlıda məmurların onları tənqid edən jurnalistləri Mətbuat Şurasının"qara siyahı"sı ilə hədələmələri yenilik deyil. Yaxşı olardı ki, hörmətli Şura sədri rayon, şəhər (şəhərlərdə rayon) icra hakimiyyətlərinin, eləcə də hökumət strukturlarının internet saytlarının da vaxtaşırı monitorinqinin təşkil edilməsinin vacibliyi barədə məsələ qaldırsın. Axı onlar da kütləvi informasiya vasitələridir.
Pünhan Şükür

P.S. Bir məqamı da xatırlatmağa dəyər ki, arada İcra Hakimiyyətinin Vasif Allahverdiyev adlı mənsubu 4212852195 nömrəsindən zəng vurub redaksiyamıza məktub göndərildiyini xəbər vermişdi. Onunla mövzu ətrafında qısa fikir mübadiləsi aparmışdıq. Demişdi ki, vətəndaşların yuxarı instansiyalara aramsız şikayət etməyi vərdişə çevirməsi təkcə Saatlı rayonu üçün xarakterik deyil, ümumrespublika problemidir. O, hətta misal çəkmişdi ki, Prezident Administrasiyasının məktublar şöbəsinin müdiri Süleyman İsrafilov da öz hesabatında bu problemin mövcudluğunu vurğulayır.
P.S.S. Allahverdiyevin sözündən belə nəticə çıxır ki, PA-nın hər hansı bir vəzifəli şəxsinin atdığı hətta səhv addım belə yerlərdə icra hakimləri üçün nümunə sayılmalıdır. Necə də sarsaq məntiqdir, deyilmi!? Axı onlar da insandırlar, səhv etməkdən sığortalanmayıblar. Bu yerdə xatırlamağa dəyər ki, bir vaxtlar səhvə yol vermiş Akif Muradverdiyev də, Elnur Aslanov da məhz PA mənsubları idi. O ki qaldı əməllərindən nümunə götürülən S.İsrafilova, ondan keçmiş MTN - nin qalmaqallı çöküşündən əvvəl illər uzunu sabiq nazir Eldar Mahmudovun qaniçən generallarından şikayətlənən vətəndaşların, o cümlədən Saatlı sakinlərinin Prezidentə ünvanladıqları məktubların aqibətini soruşmaq lazımdır.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət